Ayxan Abbasov: "Üç-dörd nəfər ətrafına uşaqları toplayıb "istefa" qışqırdırlar"

18:45 - 9 Aprel 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 29-cu turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfrasnında tovuzluların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün matçdan sonra sizin ünvanınıza "istefa" şüarları səsləndirildi. Bu haqda nə deyərdiniz?

- Bilmirəm kimlər idi. Yəqin ki, azarkeşlərimizdir. Oyundan narazı qala bilərlər, haqlıdırlar. Amma bizim qarşımıza qoyulan məqsəd var idi. Mövsümün əvvəlindən deyirdik ki, səbrli olmalıyıq. Bilmirəm, yəqin bizi üçlükdə görmək istəyirlər. Bir ayın içində komanda qurduq. Bəlkə kənardan asan görünür. Amma bizim üçün çox çətin oldu. Doqquz ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Şükür olsun ki, bu problemi aşmışıq. Bu gün son pillələrdə olan dörd komandadan bir az rahatıq. Keçən il avrokuboklarda oynayan komandaya gəlməmişəm. Bunu anlamalıyıq. Problem yoxdur. Dar gündə kömək etməyə gəlmişik. Üç-dörd nəfər ətrafına uşaqları toplayıb "istefa" qışqırdırlar. Mən bunu yaraşdırmıram. Qarşıda kubok oyunları var. Çempionatda yerimizi qorumaq istəyirik. Belə şeylərə görə mənə ağır gəldi. İstəməsələr, gedərəm. Keçmiş komandalarımda heç vaxt problem yaratmamışam. Get desələr, gedəcəm. Mən demişdim ki, Premyer Liqada qalacağıq. Bu gün bizdə Konfrans Liqasına getməyi çox asan bir iş kimi görürlər.

- Sizə qarşı klub daxilində hər hansı qərəzin olduğunu düşünmürsüz?

- Klub daxilində deyil. Rəhbərlik buradadır. Məni sakitləşdirdilər, komandaya təsəlli verdilər Bütün gün Tovuzdayıq. Gəlib iradlarını bildirsinlər, nədən narazı olduqlarını desinlər. Düzdür, evdə "Şamaxı"nı udmalıydıq. Amma onların "Qarabağ"la, "Neftçi" ilə matçlarına baxın. Çempionatımız çətindir. "Səbail" dünən "Sabah"ı məğlub etdi. Azarkeş də inkişaf etməlidir. Tez-tez məşqçi dəyişib uğur qazanan komandalar var? Mən görməmişəm. Bir şeyi otuzdurmaq üçün vaxt lazımdır. Oyun üslubumuza uyğun futbolçular gətiririk. Bahalı heyətimiz olanda tələb də başqa olacaq. O zaman mən də belə danışmaram. Deyirik ki, bölgələrdə inkişaf olsun. Amma orada istefa, burada istefa... Bunun axırı necə olacaq?

- Bu gün qələbə üçün oyun planında nə çatmadı?

- Sürətli hücumlara çıxmaq alınmadı. Rəqib top itirəndən sonra kompakt şəkildə müdafiə olunurdu. Belə olan halda fərdi göstəricilər ön plana çıxmalıdır. "Şamaxı" bizi düzgün analiz edib müdafiə olunurdu. Sırf fərdi tərəflər bizdə önə çıxmadı. Bu gün "Qarabağ"a qarşı hamı müdafiə olunur. Amma onlar heç vaxt bundan gileylənmir. Usta futbolçular rəqibin kompakt müdafiəsini yarırlar. Buna görə də onların qiyməti yüksəkdir.

- Buraxdığınız qol haqda nə deyə bilərsiniz?

- Qol çox gözəl alındı. Bilirdik Fuad Bayramovun elə asmaları olur. Sadəcə ona imkan verdik. Elə top idi ki, qapıçı heç nə edə bilməzdi.

- Azarkeşlər tovuzlu futbolçuları oynatmadığınız üçün narazılıq edirlər. Bu haqda fikriniz necədir?

- Bilirəm o fikirləri deyənlər kimdir. Bu gün həmin şəxlslər məktəbliləri tribunaya yığmışdılar. Mənə maraqlıdır ki, hansı tovuzlu futbolçunu kənarda saxlamışam?

- Matçdan sonra azarkeşlər "Şamaxı"nın futbolçuları Elvin Məmmədovla Amil Yunanovu alqışladılar. Buna münasibətiniz necədir?

- Düz edirlər, ikisi də tovuzludur. Biz Amili də, Elvini də istəyirdik. Gənc oyunçular da axtarırıq. Amma bu gün gənclərlə sonuncu pillədə olsaq, heç kim qəbul etməyəcək. Biz istəyirik ki, akademiyamız inkişaf etsin, tovuzlu futbolçular yetişsin. Futbolçunu oynadığı klublarının sayına görə dəyərləndirmək qeyri-peşəkarlıqdır. Afrikalı futbolçular tez-tez klub dəyilşməyi xoşlayır. Onlar Belçikada, İsraildə oynayıblar. "Qarabağ" 26 yaşlı futbolçu gətirir, 6-7 klub dəyişib. Runidən də desinlər də. Görün neçə klub dəyişib? Amma bu gün 12 qol vurub.

- Sizcə, "istefa" qışqıranlar nə istəyirlər?

- Özləri də bilmirlər. Baxımlı oyunla uduzanda narazı olurlar. Bizə bu gün Premyer Liqada qalmaq lazımdır. Sabah daha güclü olanda baxımlı oyuna da üstünlük verəcəyik. Mənim insanlara verdiyim söz var. Bir şeyi otuzdurmaq üçün vaxt lazımdır.

- Altı oyundur komanda qələbə qazana bilmir. Bunun səbəbi nədir?

- Oyunlar var ki, üstün olduq, amma qələbə qazana bilmədik. Elə oyun da var idi ki, zəif oynadıq. Evdə "Sumqayıt"a məğlubiyyət bizim üçün üzücü oldu. "Qəbələ" ilə heç-heçə edəndə yaxşı oynamışdıq. Bu gün bizə xal hava-su kimi lazım idi. Ağır qrafikə giririk. Kubok, çempionat matçları var. İki cəbhədə vuruşmaq üçün geniş heyət olmalıdır.

- Qərb derbisində "Kəpəz"ə məğlub olsaz, postunuzu tərk etmək haqda düşünəcəksiz?

- Hələ buradayıq. Belə çətin anda nəyisə fikirləşmək qeyri-peşəkarlıq olar. Klubda qərar verənlər var. Möhkəm olmalıyıq. Mövsüm bitəndən sonra hər şeyi müzakirə edəcəyik. Stadionun yarısı komandanı dəstəkləyir. Onları unutmaq olmaz. Tovuzda təzyiq olmağı normaldır. Sadəcə bu gün belə olmağı xoş deyildi.

Elçin Əlixan

Xəbər xətti