"Belə dönəmdə azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi gözlənilməz idi, həm də düzgün deyildi" - MÜSAHİBƏ

11:36 - 14 Aprel 2023

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- Sabah Premyer Liqanın 30-cu turu çərçivəsində "Kəpəz"lə qarşılaşacaqsız. Bu oyunda hansı komandanın qələbə qazanmaq şansı daha çoxdur?

- "Kəpəz"ə qarşı ağır oyunumuz olacaq. Rəqib də son matçlarda yaxşı futbol nümayiş etdirir, xalları sıralayır. Biz də səfərdə yaxşı oynayaraq, xal və ya xallar qazanmaq istəyirik.

- "Kəpəz" ev oyununu Gəncədə deyil, Qəbələdə keçirəcək. Bunun sizin üçün hər hansı üstünlüyü var?

- Əlbəttə ki, evdə oynayanda azarkeş dəstəyi də komandaya kömək edir. Düşünürəm ki, stadion amili hər iki komandaya görə yaxşıdır. Çünki Gəncə stadionunda ot örtüyü bir az yaxşı deyildi. Derbi oyunları həmişə maraqlı olub. Qərb derbisi də həmçinin. Bu oyunun mahiyyətini anlayırıq. Ən əsası düzgün oynayıb, yaxşı nəticə qazanmaq istəyirik.

- Komanda diviziona düşmək təhlükəsini hiss edir, yoxsa səncə komanda liqadakı yerini qoruyub-saxlaya biləcək?

- Hələ heç nə həll olunmayıb. Çünki rəqiblərlə aramızda xal fərqi olduqca azdır. Biz də hər oyuna çıxanda istəyirik ki, xallar qazanaq. Ki, turnir cədvəlindəki mövqeyimizi qoruyaq. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik.

- "Turan Tovuz"un bəzi azarkeşləri ötən turda "Şamaxı"ya qarşı keçirilmiş matçdan sonra Ayxan Abbasovu istefaya səslədi. Azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi özünüz üçün gözlənilməz oldu?

- Əlbəttə ki, bu, gözlənilməz idi. İndi elə qrafikə giririk ki, həm çempionatda, həm də kubokda vacib oyunlara çıxacağıq. Hər halda şanslarımız da var. Komanda çempionatda 6-cı pillədədir. Bu yeri qoruyub-saxlamağa çalışacağıq. Kubokun finalında da oynamaq niyyətindəyik. Qismətdə varsa, olacaq. Yəni, belə dönəmdə baş məşqçimiz barədə bu cür deyilməsi, düzgün deyildi. Amma biz peşəkar futbolçularıq, həmin mövzuda qalsaq öz oyunumuza təsir edər. Qarşıdakı matçlara yaxşı hazırlaşıb, xallar qazanaraq azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Ölkə kubokunda final oynamaq şansına da sahibsiniz. "Neftçi" səddini keçə biləcəksiz?

- "Neftçi" ilə matçdan əvvəl bizi sabah "Kəpəz"ə qarşı oyun gözləyir. Hazırda sabahkı oyun daha önəmlidir. "Kəpəz"lə matçdan sonra "Neftçi"ni analiz etmək üçün vaxtımız olacaq. "Neftçi" elə komandadadı ki, səhvləri bağışlamır. Yaxşı komandadır, son oyunlarda da bunu göstərirlər. Düzdü, son oyunda "Neftçi"yə uduzmuşuq. Ancaq kubok oyunları tam fərqli keçir. Yaxşı hazırlaşıb, cavab qarşılaşması üçün evdən sərfəli nəticə ilə ayrılmağı düşünürük.

Mirbağırağa
 

Xəbər xətti