Ayxan Abbasov: "Neftçi" favoritdir"

18:57 - 19 Aprel 2023

"Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda doğma meydanda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Kubok iki oyundan ibarətdir. Belə deyək ki, birinci 45 dəqiqə bitdi. İstəyirdik ki, evdə üstünlüyümüz olsun. Çünki, öz azarkeşlərimizin qarşısında oynayırdıq. Burada məğlub olsaydıq, bizim üçün Bakıda daha çətin olardı. Yarımfinala yaraşan atmosfer var idi. Cavab matçına hazırlaşmalıyıq. "Neftçi"nin gücü bəllidir, heyətində çox yaxşı futbolçular var. İkinci hissədə əlimizə düşən fürsətdən yararlana bildik. Zədələr məni üzdü. Əlbəttə "Neftçi" favoritdir. Amma biz əlimizi aşağı salmayacağıq. 

- Oyundan əvvəl futbolçulara nə demişdiz. Həm meydanda ürəklərini qoydular, həm də qələbə qazandılar...

- Bu il ilk ilimizdir, yarımfinal həyəcanı yaşayırıq. Bunun özü bir motivasiyadır. Futbolçular hiss edirlər ki, final oynaya bilərlər. Futbolçu karyerası qısa olur. Hər oyunçu istəyir ki, nailiyyət əldə etsin. Son oyunlardakı nəticələr, psixoloji duruma görə futbolçularla danışdıq. Onlardakı enerjini görürdüm. Futbolçuların bugünkü istəyi məni təəccübləndirmir. 

- İki dəfə final görmüş məşqçisiz. Bu təcrübəniz cavab oyununda nə dərəcədə işinizə yarayacaq?

- Bu gün "Sumqayıt"la "Turan Tovuz"u müqayisə etmək düzgün olmaz. Orada oturuşmuş heyətlə mübarizə aparırdıq. "Qəbələ" ilə ilk finaldan sonra klubun inkişafı göz qabağında idi. Bəlkə də bu da bizə bir təkan verəcək. Futbolçularıma inanıram. Buraya gələndə inanıb gəlmişdim. Bu il qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Amma rəqibi unutmayaq. "Neftçi" neçə illərdir kubok gözləyir. Gərgin oyun olacaq.

- Qarşıda "Sabah"la çempionat oyunu var. Bu matçda rotasiyalar olacaq?

- Onsuz da futbolçuların bəziləri zədəlidir. Onların sağalmağı sual altındadır. Çempionat da bizim üçün vacibdir. Xalımızı artırmalıyıq. Tam olaraq kuboka köklənib çempionatı unutmaq istəmirik. Futbolçular məsuliyyəti dərk edir. Mübarizə aparacağıq. 

Elçin Əlixan

Xəbər xətti