"Turan Tovuz" İngiltərə klubu ilə əməkdaşlığa başlayacaq - FOTOLAR

14:15 - 23 Oktyabr 2023

Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı "Turan Tovuz"un baş sponsoru “Huner Group”un qonağı olub.

Sportal.az xəbər verir ki, A. Ilıcalıya şirkət haqda ətraflı məlumat verilib. Daha sonra işgüzar görüş keçirilib.

Görüşdə “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, klubun direktorları Əli Balakişiyev, Nadir Nəbiyev və Səməd Nəsibov iştirak ediblər.

Görüşdə "Turan Tovuz"la Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubu ilə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Təklifləri müsbət dəyərləndirən qonaq yaxın gələcəkdə hər iki klubun bütün sahələrdə mümkün əməkdaşlığından məmnun olacağını bildirib. İlkin razılığa əsasən "Turan Tovuz"un əməkdaşları, məşqçi və futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.

Sonda Acun Ilıcalıya "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev tərəfindən komandanın 10 nömrəli forması hədiyyə olunub.


Xəbər xətti