Kamal Bayramov: "90 dəqiqə yüksək səviyyədə oynadıq"

16:14 - 3 Dekabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.

Qərb bölgəsi təmsilçisinin qapıçısı Kamal Bayramov matçdan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:

- Matçı necə dəyərləndirirsən?

- Ağır məğlubiyyətdən sonra evdə qələbə qazanmaq istəyirdik. Matça tam ciddiyyətlə hazırlaşmışdıq. "Qəbələ"yə məğlubiyyətə görə həftə boyu üzülmüşük. Azarkeşlərimizə borcumuz var idi. Onu qaytarmaq istəyirdik. 90 dəqiqə yüksək səviyyədə oynadıq. İki gözlənilməz epizoddan qol buraxdıq. Futbolda belə şeylər olur, qaçılmazdır.

- İki fərqli hissə izlədik. İlk yarıda komandanın oyununda nə çatışmırdı?

- İlk hissədə də üstünlük bizdə idi. Deməzdim ki, rəqibə hansısa üstünlük verdik. İki epizodda diqqətsizlikdən buraxdığımız qollar psixoloji gərginlik yaratdı. Amma komanda göstərdi ki, sona qədər mübarizə aparacaq, təslim olmaq istəmir. İkinci hissədə hesabı daha da artıra bilərdik. İlk 15 dəqiqədə ən azı 4 qol vurmaq imkanımız var idi.

- Fasilədə baş məşqçi komanda ilə nə söhbət etdi?

- Bu, komandanın içində olan söhbətlərdir. Baş məşqçinin xüsusi tapşırıqları, sözləri var.

- Azarkeş təzyiqi komandanın oyununa necə təsir edir?

- Azarkeşlər həmişə qələbə istəyir. Biz də bunun üçün çalışırıq. Yaxşı oyunlarımız olub, qalib gələ bilməmişik. "Qəbələ"yə 0:4 hesablı məğlubiyyət bizi də, fanatları da məyus etmişdi. Onlara borcumuz var idi.

Elçin Əlixan

Xəbər xətti