"Qolumu baş məşqçiyə yox, həyat yoldaşıma və övladıma həsr etdim"

18:52 - 25 Dekabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanda "Araz_naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Qərb bölgəsi təmsilçisinin yarımmüdafiəçisi Xəyal Nəcəfov iki gün davam edən matçdan sonra Sportal.az saytına açıqlama verib. 26 yaşlı futbolçu ilin son oyununda qələbə qazandıqları üçün sevincli olduğunu bildirib:

"Oyunun çətin olacağını bilirdik. "Araz-Naxçıvan" yaxşı futbol nümayiş etdirən komandadır. Bizim üçün çox vacib matç idi. Qış fasiləsinə major notlarla getmək istəyirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Ayxan Abbasovun dediklərini etməyə çalışdıq. Bunun sayəsində 3 xal qazandıq. Allaha şükür işıq dirəyinin aşması nəticəsində xəsarət alan olmadı. Ən vacibi bu idi. İnsan həyatı hər şeydən dəyərlidir".

Nəcəfov qarşılaşmada vurduğu qolu həyat yoldaşına və övladına həsr etdiyini qeyd edib:

"Qol vurduqdan sonra Ayxan Abbasovun yanına getməyimin səbəbi ona təşəkkür etmək idi. Mənim üzərimdə onun əməyi çoxdur. Qolumu baş məşqçiyə yox, həyat yoldaşıma və övladıma həsr etdim. Hər futbolçu kimi mən də qol vurmaq, asist etmək istəyirdim. Şükürlər olsun ki, hər üç qolda da iştirak etdim. Əlimdən gələnin artığını etməyə hazır idim. Mənim əsas mövqeyim sağ vingerdir. Bundan sonra daha çox qol vurmaq və məhsuldar ötürmə etmək niyyətindəyəm".

Elçin Əlixan

Xəbər xətti