Kasıbçılıq içində xoşbəxt olmaq çətindir. Amma pul heç də həmişə xoşbəxtlik gətirmir. Bunun daha bir nümunəsini "Kəpəz"in timsalında görürük. Çətin günlərdən keçən Gəncə təmsilçisi yeni sponsorların gəlişi ilə "ağ günə" çıxacağını düşünürdü, lakin gedişat əksini vəd edir.
Əslində, qışdan sonra "Kəpəz"in işləri pis getmirdi. Gəncə üzünə həsrət qalıb bütün oyunlarını səfərdə keçirən komanda Azər Bağırovun rəhbərliyi altında gözəgəlimli futbol sərgiləyirdi, iddialı klubları büdrədirdi. Yığılan xallar Premyer Liqada yerlərini qorumağa da kifayət etdi.
Yeni sponsorun gəlişi ilə komandanın daha da güclənəcəyi, növbəti mövsümdən iddialı olacağı güman edilirdi. Lakin bu klubda baş verənlər çaşqınlıq yaradıb. Ötən gün Erkin İbrahimov istefa verib. Qarşıdakı günlərdə daha bir neçə ayrılığın xəbəri gələ bilər. Komanda quruculuğuna cavabdeh olan tanınmış menecer İbrahimovun gedişi ortaya çoxlu suallar çıxarır. Yeni baş məşqçi də, gələn və gedən futbolçularla da bağlı qərarlar Erkin bəyin futbol baxışına uyğun verilib. Bu işi üzərinə götürəcək yeni adam fərqli düşüncəyə sahibdirsə, bu məşqçi, bu futbolçuları uğurlu saymırsa, necə olacaq...
Azər Bağırov maraqlı komanda qurmuşdu. Bir qədər güclənib yaxşı nəticələr verə bilərdilər. Amma yeni rəhbərlik onu saxlamadı. Dieqo Verdaşka, Rojerio Santos, Rati Arveladze kimi səviyyəli oyunçular da "Kəpəz"dən göndərildi, gələcəyə ümid verən komanda"dağıdıldı".
Əslində, "Kəpəz"də baş verən anlaşılmazlıqlar tək baş məşqçi və futbolçularla bağlı deyil. Geyim dəstlərinin əvvəlki illərdə olduğu kimi "Joma"dan yox, "Kappa"dan sifariş verilməsi də maraq doğurur. "Kappa" daha səviyyəli markadır, buna söz yox. Amma italiya brendi həm də daha bahalıdır. Maliyyə imkanları elə də böyük olmayan klubun bu dəyişikliyə getməsi nə qədər zəruri idi...
Mətbuatda çıxan məlumatlara görə, "Kəpəz"in İdarə Heyətinin rəhbəri Namiq Qədirov ümumiyyətlə əsas komandanın xərcləri, maaşlarından başqa heç nəyə pul ayırmaq niyyətində deyil. Nə akademiya, nə uşaq futbolu, nə də klub işinin digər sahələri ona maraqlıdır. Böyük ehtimalla, Erkin İbrahimovun "Kəpəz"dən ayrılmasına səbəb rəhbərin bu cür yanaşması olub.
Belə görünür ki, daha yaxşı etmək istəyərkən, olanı da dağıtdı yeni rəhbərlik. "Kəpəz" "yağışdan çıxdı, yağmura düşdü".
Həmid
saytlarin hazirlanmasi