Portuqaliyanın U-21 yığma komandasının baş məşqçisi Luis Freyre AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı(5:0) keçirilmiş matçdan sonra mətbuat konfransında iştirak edib.
O, komandasının yığmamız üzərindəki qələbəsi haqda danışıb: “İlk hissə istədiyimiz kimi alınmadı. Bu da rəqibin böyük qüvvə ilə müdafiə olunmasına görəydi. Düzdür, qol imkanlarımız oldu, top tirə tuş gəldi. Lakin qol vura bilmədik. Fasilədə futbolçularıma eyni tempdə davam etməyi və səbrli olmağı tapşırdım. İkinsi hissənin əvvəlində vurduğumuz qol komandama inam verdi. Təzyiqi artırdıq, əvəzetmələr etdik və lazım olan qolları vurduq. Rəqibin buraxılan qollardan sonra “açılması” da işimizə yaradı”.
Gənc mütəxəssis daha sonra Sportal.az-ın əməkdaşının suallarını da cavablandırıb.
- Azərbaycan yığması sizi nə ilə təəccübləndirə bildi?
- Düzünü desəm, heç nə ilə. Oyunlarına baxmışdım və bilirdim ki, üç stopperlə oynayıb qapanacaqlar. Buna hazır idik. Eyni zamanda əks-hücumlarda sürətli olmaları barədə məlumatlıyqdıq. Bu mənada futbolçularıma lazım olan tapşırıqları vermişdim.
- Sizcə, Azərbaycan yığmasında hansı futbolçu Portuqaliya yığmasının səviyyəsində oynamağı bacardı?
- O səviyyədə oynadıqlarını deyə bilmərəm. Lakin hücum xəttindəki futbolçular diqqətimi çəkdi. Hücumçu və iki vinger (Ağadadaş Salyanski, Nihad Əhmədzadə, Edqar Adilxanov) təhlükəli görünürdülər. Həm sürətli, həm də fiziki cəhətdən hazırlıqlı olduqlarını deyə bilərəm. Bu cür davam etməklə yüksək səviyyəyə çata bilərlər.
Mirbağırağa(Barseluş, Portuqaliya)
saytlarin hazirlanmasi