Ötən gün "Şamaxı" irihesablı qələbə qazandı. "Karvan-Yevlax" qapısında 3 cavabsız qol gördü. Ayxan Abbasovun məşqçi kimi üstünlüyü ondadır ki, işlədiyi hər yerdə mükəmməl mənimsədiyi sistemi tətbiq edir və məhz bunun hesabına da əlində olan minimal imkanlarla nəticə qazanmağa çalışır.
Son vaxtlar ölkə futbolunda ən çox müzakirə olunan şəxs elə Ayxan Abbasovdur. Ukrayna ilə oyunda yığmamızın heç-heçə etməsi, U-21 millimizin Bolqarıstandan bir xal alması onu diqqət mərkəzinə gətirib.
Millimizdə yerli məşçqi tələbə ilə çıxış edən əksəriyyətin namizədi məhz Ayxan Abbasovdur. Belə baxanda, bu posta vur-tut 3-4 yerli məşqçi arasında seçim olacaq ki, Ayxan Abbasov da onlardan biridir.
Lakin bu vəziyyətdə Ayxan Abbasovun üzərindən oyun oynamaq istəyində olanlar da var. Ona görə ortaya söhbətlər atılıb ki, Abbasov bu seçmə mərhələnin sonuna qədər millini 4 oyuna çıxarsın, sonra öz istədiyi namizədi gətirib Millətlər Liqasında işləməsini təmin etsinlər.
Ayxan Abbasov son açıqlamaları ilə göstərdi ki, yalnız məşqçi deyil, həm də mövqeyini bildirməkdən çəkinməyən futbol adamıdır. "Şamaxı"nın axırıncı oyunundan sonra milli komandayla bağlı sualı cavablandıran Abbasov bildirdi ki, yığmanı yalnız qarşıdakı 4 oyuna çıxarmaqdan söhbət gedə bilməz. Təklif olacaqsa, bu, bir neçə ili əhatə etməlidir.
Ayxan Abbasov da yaxşı başa düşür ki, nə o, nə də bir başqası gəlib Fransa ilə oyunlarda möcüzə eləyə bilməz. Təyinat olacaqsa, ona qarşıdakı Millətlər Liqasında da şans verilməlidir. AFFA rəhbərliyi onunla uzunmüddətli əməkdaşlığa qol qoymasa, Ayxan Abbasov çətin ki 4 oyunluq təklifi qəbul eləsin.
Həmid
saytlarin hazirlanmasi