"Hədəfimiz tam kubok olsaydı, ən azından yarımfinala qədər irəliləyə bilərdik" - MÜSAHİBƏ

18:21 - 7 Dekabr 2025

Azərbaycan I Liqasında lider olan "Şəfa"nın futbolçusu İsmayıl Zülfüqarlı Sportal.az saytına müsahibə verib.

- “Qəbələ” ilə kubok görüşündə uduzdunuz  və bu turnirdəki iştirakınızı dayandırdınız. Yəqin ki, kubokda belə erkən dayanacağınızı ehtimal etmirdin, yoxsa rəqiblər Premyer Liqa təmsilçiləri olduğundan inam böyük deyildi özündə?

Biz “Qəbələ” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Hədəfimiz də mərhələni keçmək idi. Gedə bildiyimiz qədər irəliləmək istəyirdik. Yaxşı da mübarizə apardıq, amma təəssüf ki, uduzduq. Həm komandada, həm də məşqçilər heyətində böyük inam var idi. Xeyirlisi deyək. Allah qoysa, əlimizdən gələni edərək, Premyer Liqaya yüksələrək həm çempionatda, həm kubokda öz sözümüzü deməyə çalışacağıq.

- “Qəbələ” ilə matç sizin üçün pis başlasa da, tez bir zamanda hesabı bərabərləşdirib, yaxşı da futbol oynadınız. Səncə, nə çatmadı ki, mərhələ adlayasız?

Məncə, bərabərsəviyyəli oyun getdi. Əlimizdə düşən fürsətləri dəyərləndirə bilmədik. Təcrübə sarıdan “Qəbələ”yə uduzduq. Qalan digər detallara baxsaq, bərabərsəviyyəli oyun gedirdi.

- “Şəfa”nın səncə real gücü nəyə çatardı bu kubokda? Hara qədər gedə biləcək gücdə görürdün özünüzü?

Hədəfimiz tam kubok olsaydı, ən azından yarımfinala qədər irəliləyə bilərdik. Amma bizim ümumi məqsədimiz bu mövsüm I Liqada qalib olub, Premyer Liqaya yüksəlməkdir.

- Uzun müddətdən sonra Premyer Liqa klubuna qarşı oynadın. Özün "Neftçi" və "Turan Tovuz"da olarkən Premyer Liqada çıxış etmisən. Yəqin ki, Premyer Liqa klublarına qarşı oynamaq üçün darıxmışdın. Hansısa fərq gördün özündə, yoxsa səncə indi daha da artırmısan futbolçu olaraq?

Düzünü desəm, Premyer Liqada oynamaq üçün darıxmışam. Çünki oranın tempi daha sürətli, daha keyfiyyətlidir. Premyer Liqa komandalarını taktiki savadı da tam başqadır. Özümə gəldikdə isə, I Liqadayam deyə, dayanmıram. Öz üzərimdə hər tərəfli çalışıram. Həm fiziki, həm taktiki, həm də beyin olaraq özümü formada saxlayıram ki, Premyer Liqaya geri qayıtqda, özümü daha yaxşı göstərim.

- “Şəfa”nın I Liqada çempion olaraq Premyer Liqaya yüksəlmək şansları nə qədərdir? Necə düşünürsən, əsas rəqibinizdən 5 xal öndəykən, Premyer Liqaya daha da yaxın olduğunuza əminsən?

Bizim əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır. Doğrudur, “Səbail”lə aramızda xal fərqi 5-dir. Amma bu da çox böyük fərq deyil də. Həmin fərqi qapamağ olar. Ona görə də rahat olmaq doğru deyil. Biz çox çalışmalı, rəqiblərimizdən uzaqlaşmalıyıq. Hələlik qarşımızda uzun yol var. Allah qoysa, sonda gülən tərəf biz olarıq.

Mirbağırağa
 

Xəbər xətti