"Artıq susa bilmirəm" - baş məşqçi rəhbərliyi sərt tənqid etdi

22:45 - 17 Yanvar 2026

Oliver Qlasner heyətlə bağlı problemlər fonunda "Kristal Pelas" rəhbərliyini açıq şəkildə tənqid edib.

Sportal.az xəbər verir ki, Premyer Liqanın XXII turu çərçivəsində bu gün keçirilən "Sanderlend" - "Kristal Pelas" (2:1) matçından sonra qonaqların baş məşqçisi Qlasner bunları qeyd edib:

"Özümü elə hiss edirəm ki, bizi yarı yolda qoyublar. Bir çox futbolçudan istifadə edə bilmirəm. Oyunçular bacardıqlarını edirlər və bu vəziyyət artıq həftələr, aylar boyu davam edir. Sərəncamımızda cəmi 12–13 futbolçu var və biz dəstək hiss etmirik.

Sentyabrdan bəri ilk dəfə idi ki, tam bir həftə məşq etmək imkanımız oldu, amma oyuna bir gün qalmış kapitanımızı satırıq. Bunu başa düşə bilmirəm. Mən həmişə susmuşam, amma artıq bacarmıram, çünki futbolçuları qorumaq məcburiyyətindəyəm. Bu gün onlar 35-ci matçlarını keçirdilər.

Bu mövsümdə ikinci dəfədir ki, oyuna bir gün qalmış ürəyimiz sındırılır. Yayda Eze getdi, indi isə Gehi. Mən futbolçulara nə deməliyəm?

Sonra baxıram onların oyununa – 50–60 dəqiqə. Nəzərə alsaq ki, cəmi 12 futbolçumuz var, bu, asan deyildi. Ehtiyat skamyaya baxıram və reaksiya vermək üçün heç bir imkan görmürəm, orada sadəcə uşaqlar var. Bu, təkcə bu günə aid deyil. Artıq bir neçə həftədir belə davam edir. Məhz buna görə bu gün sadəcə çox məyusam".

Xəbər xətti