Milli komandanın baş məşqçisi olmaq şərəfdir. Həm də böyük məsuliyyət! Uzun illərdən sonra bu yükü üzərinə yerli mütəxəssis götürüb. Tərslikdən də, iş o yerə çatıb ki, dünyanın adlı-sanlı məşqçilərindən olan Fernandu Santuş millimizi Millətlər Liqasının ən axırıncı qrupuna salıb, dünyada tanınmayan bizim Ayxan Abbasov isə milyonlar xərclənib gətirilən adamın səhvlərini düzəltmək reallığıyla üz-üzə qalıb.
Qarşıdan Millətlər Liqası gəlir. Lixtenşteyn və Litvanı qabaqlayıb C Liqasına qayıtmaq lazımdır. Yerinə yetirilməyəcək tapşırıq deyil. Ayxan Abbasov da bunun öhdəsindən gələ biləcək məşqçidir. Amma son zamanlar milli üzvləri ətrafında baş verənlər işləri çətinə salır.
Heç cür parlaya bilməsə də, Avropadakı ən parlaq təmsilçimiz Mahir Emrelidir. Yaxşıdan-pisdən həmişə ona ümid etmişik, ondan nəsə gözləmişik. Zaman-zaman vurduğu qollarla bizi sevindirib də. Amma Emreli Avropa futbol səhnəsində özünü heç cür tapa bilmir. Mövsüm sona yaxınlaşmaq üzrədir. Mahirin "Kayzerslautern"li günləri boşa keçir.
Elvin Cəfərquliyevin başına gələnlər isə bir başqa dərddir. Oynadığı futbola söz ola bilməz, onu gələn mövsüm hətta xarici klubların birində də görə bilərik. Amma bir məsələ var ki, klubu və ölkəni dəyişəndə xarakterini burada qoyub gedəsi deyil ki...
Davranışı ilə Qurban Qurbanov kimi səbirli adamı boğaza yığa bildisə, ona daha "zaval yoxdur". Elvini hər cür islah etməyə çalışan Qurbanovun da canı boğazına yığılıb, onu intizam qaydalarını pozduğu üçün komandadan qovub. "Qarabağ" artıq Cəfərquliyevi transferə çıxarıb. Çətin ki bundan sonra onu saxlasınlar.
Sonrasının Elvin üçün necə olacağını bir Allah bilir. Fakt odur ki, Millətlər Liqası ərəfəsində belə bir mənzərə Ayxan Abbasovu çox qayğılandırır. Yığmanın aparıcı futbolçuları müxtəlif səbəblərdən problemlər məngənəsindədir. Renat Polşada, Nəriman ABŞ-də özünü axtarışa çıxıb. Hələ ki ortalıqda yaxşı heç nə yoxdur. Qısası, vəziyyət ürəkaçan deyil...
Həmid
saytlarin hazirlanmasi
