Milli komandaya dəvət olunmaması haqda: "Açıq danışsam, bu dəfə çox da gözləntim yox idi"

13:22 - 31 May 2026

"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına açıqlama verib. O, komandasının bu mövsümkü çıxışını dəyərləndirib, həmçinin avrokuboklara vəsiqə qazana bilməməsinə münasibət bildirib:

"Əvvəlki mövsümlərlə müqayisədə bu mövsüm həqiqətən də ağır keçdi. Hətta amansız mübarizə getdiyini də deyə bilərəm. Bizim də son turlara qədər avrokuboklara vəsiqə qazanmaq şansımız var idi. Çempionatdan da avrokuboklara gedə bilərdik, həm də kubokdan Avropa Liqasına. Sadəcə uğursuzluq oldu. Ölkə kubokunun finalında “Sabah"a uduzduq, çempionatda da “Neftçi” ilə xal fərqi oldu. Xüsusi bir şey deyə bilmərəm. Çünki mübarizəmizi aparırdıq, sona qədər biz də gedə bilərdik Avropaya, "Neftçi" də. Demək ki, onların qisməti imiş".

Bayramov milli komandamızın bu dəfəki toplanışına dəvət olunmamasını isə belə şərh edib: "Milli komandaya dəvət edilmək hər zaman xoşdur, qüruruvericidir. Millidən də dəvəti həmişə gözləyirsən, ümid var. Amma açıq danışsam, bu dəfə çox da gözləntim yox idi. Çünki klubumda az oynayırdım. Buna görə millidən dəvət olmaması mənim üçün sürpriz olmadı. Belə, onsuz milliyə nə vaxt dəvət alsam, ən yaxşısı üçün çalışmışam".

Mirbağırağa
 

Xəbər xətti