"Sadəcə danışıq aparmışdıq, amma ortaq məxrəcə gələ bilmədik" - Elmar Baxşıyev

10:35 - 2 İyul 2026

"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib. 

- Bir müddət idi ki, adınız "Kəpəz"lə hallanırdı. Gəncə klubundan təklif almışdınız, niyə bu kluba keçidiniz baş tutmadı?

Detalların üzərində dayanmaq istəmirəm. Sadəcə danışıq aparmışdıq, onu deyə bilərəm. Lakin ortaq məxrəcə gələ bilmədik. Ona görə də alınmadı.

- Maraqlıdır, biz sizi yeni mövsüm Premyer Liqanın hansı klubunda görəcəyik? Hazırda "İmişli" və "Sumqayıt"ın də baş məşqçi postu boşdur. Bu klublardan təklif almamısınız?

Hansısa klubda olmağım məndən asılı olan məsələ deyil axı. Hazırda heç bir klubla danışıq aparmıram. Əlbəttə ki, iddialı və perspektiv vəd edən klubdan təklif gələrsə, üzərində dayanmaq olar.  

- "Araz-Naxçıvan"da işlədiyiniz dönəmdə əslində uğurlu olmuşdunuz. Bu klubu tarixində ilk dəfə 3-cü pilləni tutmağına, avrokuboklara getməyinə kömək oldunuz. Sizcə, orada daha çox qalaraq, daha yaxşı yerlərə gəlmək mümkün idi? Çünki sizin gedişinizdən sonra klub daha da aşağıya doğru getdi...

"Araz-Naxçıvan"dan axı özüm getməmişdim, göndərilmişdim. Əlbəttə ki, ikinci mövsüm üçün iddialı komanda formalaşdırmışdıq. Düşünürəm ki, mövsüm sonunda avrokuboklara da gedə biləcək komanda idi. Sadəcə şans verilmədi ki, bunu sona qədər çatdıra bilək.

- Yəqin ki, hazırda işləməsəniz də, Premyer Liqa klublarında baş verən hadisələrlə, yeniliklərlə yaxından maraqlanırsınız? Çünki mövsümün gedişində hansısa kıluba baş məşqçi təyin edilməl ehtimalınız da ola bilər...

Mən daim mətbuatı izləyirəm, hər prosesdən də məlumatlıyam. Təbii ki, Azərbaycan çempionatını da izləyirəm, klublarda baş verən məsələləri də.

- Ölkə xaricinə yollanmaq ehtimalınız var? Təəssüf ki, Həm futbolçularımız, həm də futbolçularımızı xaricə aparacaq menecerlərimiz yoxdur demək olar ki. Hər halda, xaricdə işləmək üçün menecer köməyinə ehtiyac olur. Məşqçi kimi xaricə yollanmağınız nə dərəcədə realdır?

Bizdən ölkə xaricinə həm futbolçu, həm də məşqçi kimi yollanmağımız çox çətindir. Təklif gələrsə, əlbəttə ki, özümü xaricdə də sınamaq istəyərdim. Ən azından təcrübə olardı. Hər halda, zaman nəyi göstərər, bilmirəm.

- Necə düşünürsüz, yeni mövsüm 2025/2026 mövsümündən daha maraqlı olacaq? Legioner limiti də yenə olmayacaq. Daha çox hansı komandanın çempionluq şansının olduğunu düşünürsüz?

Nəinki ötən mövsüm, elə ildən-ilə çempionat daha da rəqabətli davam edir. Bu da klubların daha da iddialı olmasından irəli gəlir. Gözlənilən də budur ki, yeni mövsüm daha da rəqabətli olacaq. Necə olacağını isə zaman göstərəcək.

Mirbağırağa
 

Xəbər xətti