Prosineçki buna izah verə bilərmi?
Milli komandamızı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iki oyun gözləyir. 3-də Xorvatiya, 6-da isə Malta qarşısına çıxmalıyıq. Bu oyunlarda yaxşı çıxışa ümid edənlər az deyil. Hər halda gəlişi ilə millimizə yeni nəfəs verən Robert Prosineçkidən qənaətbəxş nəticələr gözləyirik.
Xorvat mütəxəssis ölkəmizə gəldiyi gündən işgüzarlığı, ünsiyyət qurmaq bacarığı, ortaya qoyduğu oyun fəlsəfəsiylə çoxlarında xoş təəssürat yaratdı. Ancaq asta-asta Prosineçkinin yaxşı olmayan tərəfləri də üzə çıxmaqdadır. Robert Prosineçki hələ ilk mətbuat konfransında demişdi ki, klubda oyun praktikası olmayan futbolçular heç bir halda milliyə cəlb olunmayacaq, yaxşı formada olanlar mütləq milli komandaya dəvət alacaq. Lakin indi görürük ki, Prosineçkinin dedikləri söz yığınından başqa bir şey deyilmiş. Adam artıq dediklərini unutmağa başlayıb. Robert Prosineçkinin zaman-zaman seçimində qeyri-obyektivliyə yol verməsi halları nəzərə çarpsa da, o, bunları hansısa şəkildə əsaslandırmağa çalışırdı. Ancaq onun bu toplanışda etdikləri artıq qərəzdən başqa bir şey deyil.
Zənn etmək olardı ki, Maksim Medvedevin yoxluğunda, “Qarabağ”da olduğu kimi millidə də bu boşluğu İlqar Qurbanov dolduracaq. Ancaq Robert Prosineçki bu dəqiqə ölkədə ən yaxşı cinah müdafiəçisinə dəvət göndərməyərək, əvəzinə “Qəbələ”də oyun praktikasından məhrum olan Məhəmməd Mirzəbəyovu çağırdı. Niyə? Necə ola bilər ki, “Seltik” və “Yanq Boys”la ard-arda 4 oyunda yaxşı təsir bağışlayan bir futbolçu milliyə cəlb olunmur, ancaq klubunda ehtiyatda qalan futbolçuya dəvət göndərirlər...
Tutaq ki, Prosineçki “Qarabağ”ın oyunlarına baxmır. Bəs, onun köməkçiləri olan Mahmud Qurbanov və Elxan Abdullayev hara baxırlar? Axı, onları ora niyə qoyublar?
Yeri gəlmişkən, bu məsələ ətrafında apardığımız araşdırmalar zamanı maraqlı məqam ortaya çıxıb. Bizdə olan bilgiyə görə, Robert Prosineçki “Yanq Boys”la oyunlarda İlqar Qurbanovun çıxışını çox bəyənib. Ancaq nədənsə ona dəvət göndərməyib. Əgər məsələ belədirsə, deməli, ortada başqa səbəb var. Həmin səbəb isə Prosineçkidən yuxarıda dayana bilər, aşağıda yox. Bu səbəbin adı Elxan Məmmədovdurmu? Əgər, İlqar Qurbanovun milliyə yolunu kəsən baş katib deyilsə, o zaman kim? Prosineçki buna izah verə bilərmi?
SPORTAL.AZ
saytlarin hazirlanmasi