"Şübhəli gəldiyi üçün mən belə bir addım atdım"
Bu gün Premyer Liqanın 7-ci turunda "Qarabağ" səfərdə "İnter"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbəyə belə şərh verib:
"Düşünürəm ki, maraqlı oyun oldu. Çox vacib bir oyuna çıxmışdıq. Avropa Liqasının “Anderlext”lə oyununda futbolçular həqiqətən də çox yorulmuşdular. Həmin oyunçuları əvəzləyənlər əllərindən gələni elədilər. “İnter” tam fərqli bir komandadır. Bu rəqibə qarşı oynamaq heç də asan deyil. Belə bir matçda futbolçularımdan razı qaldım, amma sözsüz ki, müəyyən çatışmazlıqlar var. Bu oyundan sonra 2 gün istirahət edə bilərik".
Qurbanov son dəqiqələrdə "İnter"in qapısına təyin edilmiş mübahisəli penaltini futbolçusu Elvin Məmmədova qeyri-dəqiq vurmasını tapşırdığı haqda da fikirlərini bildirib:
"Penalti məsələsi barədə çox danışmaq istəmirəm. Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır".
saytlarin hazirlanmasi