"Xəzər Lənkəran" azarkeşləri "CBC Sport"dan narazıdır: yayım hüququ XL TV-yə verilir?

16:35 - 26 Oktyabr 2015

"Nədənsə, bu istisna XL-in oyunlarına şamil olunmur"
 
Azərbaycan Premyer Liqasının yayım hüququna malik olan "CBC Sport" telekanalı artıq "Xəzər Lənkəran" azarkeşlərinin qəzəbinə tuş gəlib. Belə ki, telekanal bir neçə matçı peyk vasitəsi ilə yayımlansa da, ancaq "Xəzər Lənkəran"ın ev oyunlarının bu üsulla yayımlanmasına diqqət ayırmır. 
 
Bu məsələyə cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında münasibət bildirib. O, açıqlamasında azarkeşlərin yayım hüququnu yenidən klubun rəsmi televiziyasına verilməsini istədiklərini və oyunlarının yayımlanmamasını klub rəhbərliyi tərəfindən müzakirə ediləcəyini bildirib:
 
"Son turlarda azarkeşlərimiz "CBC Sport" vasitəsilə "Xəzər Lənkəran"ın oyunlarını izləyə bilmədiyindən böyük narazılıq yaranıb. Bildiyiniz kimi Bakı və Abşeron bölgəsindən fərqli olaraq, cənub bölgəsində adıçəkilən kanal yalnız çanaq antenasi vasitəsilə izləmək mümkündür. Digər tərəfdən elə dünən "Qəbələ" və "Sumqayıt"ın ev matçları peyk vasitəsilə yayımlandı. Nədənsə, bu istisna XL-in oyunlarına şamil olunmur.Son günlər sosial şəbəkələrdə azarkeşlərimiz geniş müzakirə açaraq heç olmasa matçların yenidən klub televiziyası ilə yayımlanmasını istəyirlər. Amma bildiyiniz kimi bütün yayım hüququ CBC kanalına məxsusdur. İndiki məqamda yekun olaraq nə isə demək çətindir. Çox güman rəhbərliklə oyun qabağı iclasda bu məsələ müzakirə olunacaq".

Xəbər xətti