"AZAL-la oyunda 2 qolumuz sayılmadı"
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda fikirlərinizi bildirərdiz...
- Bilirdik bizi ağır oyun gözləyir, rəqib bəlli idi. Komandadan daha yaxşı nəticə, layiqli çıxış gözləyirdik. Lakin alınmadı.Amma bu da başa düşüləndi. Rəqib çox güclü idi və səfərdə oynayırdıq. Artıq qarşıdakı oyunları düşünməliyik.
- Komanda son zamanlar uğursuz çıxış edir. Bununla bağlı klub daxilində toplantı olub və ya baş məşqçi ilə söhbət etmisiz?
- Baş məşqçi ilə söhbətim olub. Amma niyə uğursuz çıxış edirsiz deməmişəm. Oyunla bağlı danışmışıq, özüm oyunların analizində iştirak etmişəm. Bu cür çıxış etməyimiz konkret kiminsə səhvi deyil. Qarşıdakı oyunlarada hər şey yoluna düşəcək.
- Mətbuatda "Qəbələ"nin uğursuz çıxışının Qriqorçukun diqqətinin Ukrayna milli komandasında olmağı ilə bağlayırlar...
- Belə bir şey yoxdur. Bu məsələ müzakirə mövzusu deyil. Bu söhbətlər yayılmamışdan əvvəl Qriqorçukla söhbətim olmuşdu. O, baş məşqçilərin niyə milli komandalarda işləmək üçün can atdıqlarına təəcüb etdiyini demişdi. Bildirmişdi ki, potensialı olan gənc məşqçi milli komandada işləməz. Qriqorçuk çox çalışqan biri olduğundan milli komandada işləmək istəmir. Ukrayna milli komandasında təklif gəlməyib. Uğurlu nəticə göstərdiyinə görə Ukrayna mətbuatı belə yazılar yazır.
- Bu söz-söhbətlər futbolçuların motivasiyasına təsir edir?
- Xeyr, qətiyyən ola bilməz. Oyunlara baxmısınız. AZAL-la oyunda 60 hücum biz etdik, 3 hücum AZAL. 2 100 faizli qolumuz sayılmadı. Bir topu qapıçı qapı xəttindən içəridən çıxarır, digər sayılmayan qolda isə ofsayt yox idi. 2 qolumuz sayılmayıb, Rəşad Sadiqov 1 metrdən topu qapıya vura bilmir. Buna görə də komanda oynamır demək olmaz. Qol vəziyyətləri yaradırıq, sadəcə bəxt amilidi.
- Söz söhbətlərə son qoymaq üçün Qriqorçukla uzunmüddətli müqavilə imzalamaq fikriniz var?
- Bəli, müqaviləni uzatmaqla bağlı fikrimiz var, lakin hələ aramızda bu barədə danışıq olmayıb.
- Heyətdə yerli futbolçuların az olması nə ilə bağlıdı? "Borussiya" ilə oyunun əsas heyətində bir yerli futbolçu var idi.
- Biz də istəyərik yerli futbolçular çox olsun. Amma heyəti müəyyən etmək baş məşqçinin işidi. Biz də onun qərarına hörmət etməliyik. Mən Qriqorçuka inarıram kİ, dünən heyətdə olan 11 futbolçunun hər biri oynamağa layiq idi. Kim layiqdisə o da oynayır. Dünən bizim futbol akademiyasının yetirməsi olan Elvin Camalov meydana çıxanda qürur hissi keçirdim.
- Vüqar Nadirov heyətə düşə bilmir. Komandadan göndərilə bilər?
- Göndərmək barədə heç nə deyə bilmərəm. Bu baş məşqçinin qərarıdı. Qriqorçukla bu barədə danışıb açıqlama verəcəyik. Həmçinin Vaqif Cavadov da. Futbolçular bağlı son sözü rəhbərlik desə də baş məşqçinin fikirlərinə hörmət etməklə qərar verilməlidi.
- 4 il öncə "Qarabağ"ın "Borussiya" ilə oyununda qondarma "Qarabağ" Respublikasının bayrağı ilə bağlı qalmaqal olmuşdu. Oyundan əvvəl Dortmund təmsilçisinin rəhbərliyi ilə bu barədə danışığınız olmuşdu?
- "Borussiya" rəhbərliyi ilə Bakıdakı oyun öncəsi Mxitaryanın gəlməməsi ilə bağlı danışığımız olmuşdu. Məncə hansısa futbolçunun erməni olduğuna görə, qapımıza qol vurub deyə qabardılması cılız söhbətdi. Bizim ermənilərlə ən böyük cihadımız Qarabağdı. Futbolçunun fikri meydanda olmalıdı. Bu məsələnin siyasiləşdirilməsi təxribatçı qrupların işidi. Orada hansısa bayrağın qaldırılması bizə təsir etmir. Bütün stadion erməni bayrağı dalğalandırsa belə bizim məqsədimiz xal qazanmaq idi.
saytlarin hazirlanmasi