"Onun "uğuru" bu gün yayılan videodu"
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov haqda yayılan video futbol ictimaiyyətində geniş əks-səda doğurdu.
Bununla bağlı beynəlxalq dərəcəli hakim Anar Salmanov Sportal.az-a açıqlama verib. Keçmiş FİFA referisi saytımıza açıqlamasında bu haqda əvvəlcədən məlumatının olduğunu qeyd edib: "Təəsüf ki, mən bu videonu üzə çıxara bilmədim. Bu faktdı, göz qarşısındadı. Məndə də eyni oyunla bağlı görüntülər var. Dekabr ayında mətbuat konfransı təşkil edib, bunları ictimaiyyətə açıqlamaq istəyirdim. Xaqani Məmmədov bizi haqsız yerə hakimlikdən uzaqlaşdırıb, görün özü kimdi. Bunu mən etmək istəyirdim, çünki Xaqani Məmmədovun ən çox mənə, Babək Quliyevə, İmanxan Sultaniyə ziyanı dəyib. Bizim karyeramıza son qoyub. Sağ olsun Azərbaycan mətbuatı, belə halları işıqlandırır, haqq ədalət öz yerini tapır".
Təcrübəli hakim avrokubokların qrup oyununa təyinat alan Əliyar Ağayev haqda da danışıb: "Əliyar Ağayevi təbrik edirəm. Azərbaycanın gələcəyi, uğurudu. Xəqani Məmmədovun uğuru deyil, onun "uğuru" bu gün yayılan videodu. Görün o kimdi, bu video onun iç üzüdü".
Anar Salmanov Xaqani Məmmədovun futboldan uzaqlaşdırılmalı olduğunu deyib: "Artıq bütün futbol ictimaiyyəti gördü ki deyilənlər boş söhbət deyil. Xaqani Məmmədov 3 dəfə hakimlikdən qovulub, hansı çirkin işlərlə məşğul olub göz qanağındadı.Görün bizim Hakimlər Komitəsinin sədri kimdi, o hakimlərənə nə öyrədə bilər? Xaqani Məmmədov çıx cavab ver ictimaiyyətə! Babək Quliyev, İmanxan Sultani, Anar Salmanov hansı qərara əsasən hakimlikdən uzaqlaşdırılıb? Fakt yoxdu, amma onun özünün etdiyi faktdı, cinayətdi. Xaqani Məmmədov mənim qarşımı kəsdi, inkişaf etməyimə mane oldu. Bu adam cəzalandırılmalıdı, Azərbaycan futbol ictimaiyyətindən silinməlidi. Heç vaxt da futbola yaxın buraxılmamalıdı. Asim Xudiyevi bu siyahıya aid etməyin, onluq bir şey yoxdu. Onun bu məsələyə aidiyyatı yoxdu".