"Qarabağ"ın futbolçusu: "Qurban Qurbanov elə bir komanda yaradıb ki, hamı oynaya bilir"

12:34 - 16 Noyabr 2015

"Tottenhem”lə oyuna necə hazırlaşacağıqsa, “Kəpəz”lə matça da elə hazırlaşacağıq"

 

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Qarabağ" ötən gün "Rəvan"la yoxlama matçı keçirib. Bu görüşdə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

 

Oyundan sonra Sportal.az-a açıqlama verən "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə bunları qeyd edib:

 

“Bizim üçün hər oyun önəmlidi. Fərqi yoxdu, yoldaşlıq oyunu, ya da rəsmi oyun. Bir neçə gündən sonra “Kəpəz”lə oyun var. “Kəpəz” çempionatın ən yaxşı komandalardan biridi. Ötən oyunda da çox çətinliklə qələbə qazandıq. Bilirik ki, bu matç da çətin olacaq. “Tottenhem”lə oyuna necə hazırlaşacağıqsa, “Kəpəz”lə matça da elə hazırlaşacağıq. Rəqibi ciddi qəbul edib yaxşı hazırlaşmalıyıq. Açığı bu gün məşqlərdən sonra bir az yorğunuluq da vardı, amma əsas odu qalib gəldik. Tək məqsəd səhvləri görüb onu aradan qaldırmaq idi. Qurban məllim elə bir komanda yaradıb ki, hamı oynaya bilir. Biz də çıxıb əlimizdən gələni edirik ki, onun etimadını doğruldaq. Oyunlarda mənə şans verdiyi üçün ona minnətdaram”

 

Yunuszadə komanda yoldaşı Rəşad Sadıqov haqda da danışıb:

 

“Rəşadın komanda üçün xeyri çox böyükdü. Bizim ondan öyrənməli şeylərimiz çoxdu. Nə qədər ki, o oynayır, biz gərək ondan nəsə "oğurlayaq". Hansı oyuna çıxırıqsa, rahatlaşmamalıyıq. Bizə çempionluq lazımdı. Bunun üçün əlimizdən gələni edəcəyik. 7 xal irəlidə olmağımızla rahatlaşa bilmərik”. 

Xəbər xətti