"İndidən deyim ki, gedirəm, ya qalıram, bu düzgün olmaz" MÜSAHİBƏ

00:16 - 30 Noyabr 2015

Orxan Sadıqlı: "Düzdür, super səviyyədə komanda olmayacaq"
 
"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının Sportal.az-a müsahibəsi:
 
- Premyer Liqanın son turunda səfərdə "Zirə"yə minimal fərqlə məğlub oldunuz...
- Bərabər səviyyəli oyun getdi, nə "Zirə", nə də "Xəzər Lənkəran" üstün oynadı. Belə oyunlarda kim bir səhv etsə, o 3 xalı itirmiş olur. Biz adi bir səhv edib öz qapımıza qol vurduq, buna görə də səfərdən xalsız qayıdırıq. Artıq bu younu unudub qarşıdakı matçlar haqda fikirləşməliyik.
 
- Dekabrda bir neçə futbolçu komandadan ayrılacaq. Həmin ayrılanlar arasında Orxan Sadıqlı var?
- Hər şey dekabrın axırında bəlli olacaq. İndidən deyim ki, gedirəm, ya qalıram, bu düzgün olmaz. Hələ ki, “Xəzər Lənkəran”dayam bundan sonrakı 4-5 oyunda əlimizdən gələni edəcəyik. Ondan sonra qərar veriləcək .
 
- Klub rəhbərliyi ilə iclasda sizə nə bildirildi?
- Dünən klubdaxili iclas oldu və bizə deyildi ki, heçnəyi fikirləşməyin. Bunlar oyununuza təsir etməməlidir. Düzdür problemlər var ancaq söz verildi ki, dekabrdan sonra yeni komanda qurulacaq. Super səviyyəli komanda olmasa da orta səviyyəli klub olacaq.
 
- Klub rəhbərliyinin dəyişməsi ilə bağlı mətbuatda bir neçə məlumat yayılıb. Bu barədə nəsə deyildi?
- Yazılanlar haqda klub rəhbərliyindən münasibət öyrənsəniz, daha yaxşı olar. Bu haqda onu deyə bilərəm ki, hazırda bizim klub rəhbərliyimiz dəyişməz olaraq qalır.
 
- 3 gün sonra ölkə kubokunun 1/8 finalında "Kəpəz"i qəbul edəcəksiniz...
- Hər iki komanda növbəti mərhələyə yüksəlmək üçün vuruşacaq. Öz azarkeşlərimizin önündə oynamaq bizim üçün əlavə üstünlükdür. Heyətimizdə bəzi problemlər var, buna baxmayaraq hər kəs meydana çıxıb növbəti mərhələyə yüksəlmək və azarkeşlərimizi sevindirmək üçün son ana qədər vuruşacağıq.

Xəbər xətti