Qurban Qurbanov: "4-5 il günahkar axtarırlar, sonda Qurban günahkar oldu"

16:25 - 24 May 2016

"Neftçi" kubokda bizdən daha təcrübəlidir"
 
Sabah ölkə kubokunun finalında "Qarabağ" Respublika stadionunda "Neftçi" ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
"Hər iki komanda kubokun qalibi olmaq istəyəcək. Əfsuslar olsun ki, bir komanda qalib olacaq. Qismətimizdə olsa, qalib gələcəyik. Müdafiəçilərimiz üçün ağır oyun olacaq. Rəqibin sürətli oyunçuları çoxdur və topla oynamağı da yaxşı bacarırlar. Müdafiədə oyunumuz çox vacibdir. Bizim üçün belə rəqibə qarşı oynamaq xoşdur. Hər iki komandanın azarkeşlərinin sayının çox olmasıdır. Hər iki komandaya uğurlar arzulayıram. "Neftçi" bir ay əvvəl tam fərqli oyun oynayırdı, indi isə tam fərqli. "Neftçi" çempionatın son turunda "Sumqayıt"a məğlub olmasına baxmayaraq, yaxşı oynadı. "Neftçi" kubokda bizdən daha təcrübəlidir. 
 
- Kubokun finalına çempion kimi çıxıb oynamaq daha asandır, yoxsa 6-ci pillədəki kimi?
- Bunun fərqi yoxdur. Çempionat və kubok fərqli turnirlərdir. Komanda olaraq bu oyunlara tam başqa cür yanaşırıq. Belə oyunlarda daha diqqətli, psixoloji cəhətdən daha hazır olmalıyıq. Bu oyuna çempion kimi və ya 6-ci pillənin sahibi kimi çıxmağın heç bir önəmi yoxdur. 
 
- "Neftçi"nin müdafiə, yoxsa hücum futbolu oynaması sizin üçün daha rahat olar?
- Hər ikisi bizim üçün çətindir. Hər bir komandaya qalib gəlmək üçün öz oyunundan uzaqlaşdırmaq lazımdır. 
 
- "Neftçi"yə fikir versək, son oyunlarda həm dördlü, həm beşli müdafiə ilə oyunu ilə oynayır....
- Gördüyüm qədər, son oyunlarda 5 müdafiəçi ilə oynayırlar və belə sistemlə daha yaxşı nəticə əldə edirlər. Bu taktiki gedişlər sabah oyundan öncə məlum olacaq. "İnter" komandası bu sistemlə oynayırdı, ona görə belə sistemlə tanışıq. 5 müdafiəçi ilə oynasalar, bizim üçün çətin olacaq və belə halda futbolçuların düşünməsi daha vacib olacaq. 
 
- Klubun icraçı-direktoru Əmrah Çəlikəlin bu gün 40 yaşı tamam olur. Ad gününə görə sabahkı oyunda sizdən xüsusi istəyi olub?
- Xeyr, elə bir istəyi olmayıb. Bizdə elə bir şey olmayıb ki, kiminsə ad gününə görə qələbə qazanaq və s. Futbol və ad gününləri tam başqa məsələlərdir.
 
- Armenteros sosial şəbəkə hesabında komandadan ayrıldığını bildirib...
- Ondan soruşsanız ki, baş məşqçi komandadan getməyi barədə sizə nəsə deyib, deyəcək ki yox. Onun müqaviləsi 1+1 idi. O, burda darıxırdı. Bu haqda fikrimi bildirməmişəm, özü daha tez qərarını verib.
 
- Rəqibin baş məşqçisi Vəli Qasımov finalla bağlı daha iddialı açıqlamalar verib. Bu, sizin futbolçuları həyəcanlandırır, yoxsa daha da motivasiya edir?
- Hər bir açıqlamaya hörmətlə yanaşırıq. Amma biz çalışırıq ki, futbolçuları oyuna hansısa yazıya görə motivasiya etməyək. Biz peşəkar komanda olaraq, çalışırıq ki, düşündüklərimizi meydanda edək. Bunu edə biləcəyimiz halda, əlavə motivasiyaya ehtiyac olmayacaq. Futbolçu əgər finala çıxıbsa, demək o istəklidir ki, kuboku qazansın.
 
- Sabahkı oyunda nə qədər azarkeş gözləyirsiniz?
- Bu sayı sabah PFL açıqlayacaq. Hər iki komandanın azarkeşi çoxdur. "Neftçi" azarkeşlərinin içində "Qarabağ"lılar çoxdu, eləcə də "Qarabağ"lıların içində də "Neftçi"lilər. Hər iki komanda Avroliqada bir-birlərinə dəstək olur.  İstəyirdim ki, stadion dolu olsun, amma buna inanmıram.
 
- Oyundan öncə hamı "Qarabağ"ın finalı 90 dəqiqəyə həll edəcəyini gözləyir. Siz necə, əlavə vaxt və penaltilər seriyası haqda düşünürsünüz?
- Bu bizə mane ola bilər. "Neftçi" ilə oyunlarda həmişə əziyyət çəkmişik. Heç bir komanda istəməz ki, oyun əlavə vaxta getsin.
 
- Mövsümün sonunda xarici futbolçuları oyuna kökləmək çətindir, ona görə öz ölkələrinə gedəcəklər. Bu barədə legioner futbolçularla söhbətiniz olub?
- Sadəcə, ehtiyac olanda söhbət edirəm. Düşünürəm ki, futbolçular artıq peşəkarlaşıb və futbol və idman prinsiplərini daha yaxşı dərk edirlər.
 
- "Rəvan"a məğlubiyyət sosial şəbəkələrdə çox söz-söhbət oldu...
- Əfsuslar olsunlar ki, komandada nəsə şübhə axtarırlar. Görürəm bəzi fikirlər çıxır, istəməzdim ki, belə sual verilsin. Bu, bir dedektiv filmə bənzəyir, 4-5 il günahkar axtarırlar, sonda Qurban günahkar oldu. Sadəcə öz komandalarına fikir verməlidirlər, hər ikisə də öz işinə fikir versə, yaxşı olar. Heç kimin qarşısında özümü zəif hesab etmirəm. 

Xəbər xətti