Bu gün “Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirilib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, görüşdə paytaxt təmsilçisinin baş icraçı direktoru Fərrux Mahmudov, mətbuat xidmətinin rəhbəri Emin Əfəndi, qarşı tərəfdən isə klubun prezidenti Asəf Məlikov iştirak edib.
“Ağ-qaralar”ın bazasında təşkil olunan tədbirdə iki klub arasında əməkdaşlığın gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
A.Məlikov “Difai”nin tarixi və yaradılma məqsədləri, Region Liqasından başlayan və hazırda I Liqada davam edən mübarizənin gedişatı haqda məlumat verib.
O, yaxın illərdə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmağı planlaşdırdıqlarını və təşkilati nöqteyi-nəzərdən “Neftçi”nin təcrübəsindən yararlanmağın mümkünlüyünü qeyd edib.
A.Məlikov göstərilən diqqətə görə F.Mahmudova öz minnətdarlığını bildirib.
Deyib ki, “Neftçi”nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında gündəlik məşq keçmələrinə şərait yaradılıb və bu, “fəadilər”ə ciddi dəstəkdir.
“Neftçi”nin baş icraçı direktoru da öz növbəsində “Difai”nin fəaliyyəti ilə bağlı məlumatlı olduqlarını, vaxtilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış təşkilatın adını daşıyan klubun futbol sektorunda uğurlar qazanacağına inamını ifadə edib.
F.Mahmudov bazadan istifadə və gənc futbolçu mübadiləsi mövzusunda “Difai” ilə əməkdaşlığa müsbət yanaşdıqlarını söyləyib.