Polşadakı azərbaycanlı: "Yaxın vaxtlarda Ekstraklasa klublarından real təklifimlərim olacaq" - MÜSAHİBƏ

13:34 - 28 Aprel 2024

Polşada legioner həyatı yaşayan yeganə azərbaycanlı futbolçu millimizin üzvü, "LKS Lodz"da oynayan Rahil Məmmədov deyil. Belə ki, U-19 və U-21 yığma komandamızın keçmiş üzvü Ricat Qarayev də Polşada oynayır. O, üçüncü liqada çıxış edən "Flota"nın müdafiəçisidir. Sportal.az saytına müsahibə verən Qarayev Polşadakı karyerasından və perspektivindən danışıb.

- Polşada işlərin necə gedir, hər şey səni razı salır?

- Bəli. Polşadakı karyeram uğurla davam edir. Hər şey də qaydasındadır. Heç nədən narazı deyiləm.

- "Flota"nın daha yuxarı liqaya yüksəlmək şansı var?

Komanda bu mövsüm üçüncü pilləyə yüksəlib. Məqsədimiz bu mövsüm hazırkı liqada yerimizi təmin etməkdir. Lakin qarşıdakı mövsüm artıq ikinci liqaya vəsiqə qazanmaq uğrunda oynayacaq. Ümidvaram ki, hər şey istədiyimiz kimi olacaq. 

- Yəqin ki, artıq polyak dilində danışa bilirsən? Bəs, Polşa vətəndaşlığına yiyələnməyi planlaşdırırsan?

- İki ildir ki, burada oynayıram və demək olar ki, polyak dilində tər-təmiz danışıram. Polşa vətəndaşlığını almaq istəyirdim. Çünki legioner sayılmazdım və daha rahat olardı. Amma deyilənə görə, çox çətindir. Hazırda üç illik oturum icazəm var və mən Polşada rahat yaşaya bilərəm. 

- Səncə, Ekstraklas klublarının diqqətini çəkə bilmisən? 

Düzü, tam olaraq real təklifim yoxdur. Amma soruşan, maraqlanan olur. Agentim də bunun üzərində çalışır. düşünürəm ki, yaxın zamanlarda Polşa yüksək liqası klublarından real təkliflər olacaq. Başqa ölkədən də olması mümkündür.

- Polşa yüksək liqasındakı yeganə azərbaycanlı isə Rahil Məmmədovdur. Onun performansını necə dəyərləndirirsən?

Rahilin oyunlarını daha yaxından izləmək imkanım olmur. Amma bilirəm ki, bütün oyunları 90 dəqiqə oynayır. Bu da sevindirici haldır. Ümid edirəm ki, hər şey onun ürəyincə alınacaq.

- Rahil Məmmədovla görüşməyin alındı, yoxsa görüşə bilməmisiz?

Xeyr, Rahilin yaşadığı şəhər mənim qaldığım yerdən uzaqdadır. Ona görə də ümumiyyətlə, görüşməyimiz alınmır.

- Səncə, Polşa klubları niyə azərbaycanlı futbolçulara üstünlük vermir, maraq göstərmir? Bizim futbolçuların oyun stili və ya fiziki durumu Polşa futboluna uyğun gəlmir?

Xeyr, deməzdim ki, oyun stili və yaxud da fiziki göstəricilər uyğun deyil. Sadəcə olaraq Avropa klubları daha çox Avropadan oyunçular axtarırlar. Bu da həmin futbolçunun legioner olmaması üçündür. Ona görə də demək olar ki, Azərbaycan çempionatına fikir vermirlər. Amma azərbaycanlı futbolçular Polşa yüksək liqasında oynayacaq gücdədirlər.

Mirbağırağa

 

Xəbər xətti