"Kəpəz"in legioneri: "Məqsədlərimdən birinə çatdım" - MÜSAHİBƏ

13:18 - 29 Aprel 2024

"Kəpəz"in portuqaliyalı qolkiperi İqor Rodriqes Sportal.az saytına müsahibə verib.

- “Kəpəz” “Qəbələ”yə qalib gələrək Premyer Liqadakı yerini qorumağı rəsmiləşdirdi. Demək olar ki, əsas məqsədinizə çatdınız?

- Bəli, həqiqətən məqsədlərimdən birinə çatdım. İstədiyim reallaşdı. Təbii ki, mənim hər zaman başqa şəxsi məqsədlərim var ki, onlara hələ çatmalıyam. Hər oyunda həmişə daha yaxşı olmağa çalışıram. Əməyimin də qarşılığını görürəm. Bu məqsədə doğru çalışmaqda davam edəcəyəm.

- “Qəbələ” yaxşı futbol infrastrukturuna malikdir. Bu cür komandanın Premyer Liqanı tərk etməsi Azərbaycan futbolu üçün mənfi haldır?

- Düşünürəm ki, Premyer Liqanın 10 komandasının hamısı keyfiyyətli və yaxşı infrastruktura malikdir. Amma təəssüf ki, hansısa komanda aşağı liqaya düşməli olacaq. İnanıram ki, gələn il “Qəbələ” yenidən qarşısına Premyer Liqaya qayıtmaq məqsədi qoyacaq və tez bir zamanda geri dönəcək. 

- “Kəpəz” isə artıq bir pillə də irəlilədi və hazırda 8-ci pillədədir. Mövsümün sonu komanda hansı pillədə olacaq?

- Məqsədimiz reallaşdı və turnir cədvəlində də bir pillə irəliləməyi bacardıq. Deyə biləcəyimiz odur ki, mövsümün son turuna qədər çalışacağıq ki, mümkün qədər çox xal qazanaq və turnir cədvəlini daha yüksək pillədə başa vuraq.

- Səncə, Adil Şükürov mövsümün əvvəlindən baş məşqçi postunda olsaydı, indi nəticələriniz daha fərqli idi? Avrokuboklar uğrunda mübarizəyə qoşula bilərdiniz?

- Düşünürəm ki, ümumilikdə çempionata yaxşı başlamadıq və yalnız sonradan komanda şəklində özümüzü tapa bildik. Komanda üçün hər birimiz ən yaxşısını edə bildik. Biz fərziyyələrlə işləməyi sevmirik, önəmli olan azarkeşlərimizə verdiyimiz sözü yerinə yetirmək idi. Onu da reallaşdırdıq.

- “Kəpəz”in yeni mövsüm iddialı olacağı gözlənilir. 2024/2025 mövsümünə Gəncə klubunda başlamaq istəyirsiz?

- İnanıram ki, “Kəpəz”  yeni mövsümdə daha iddialı olacaq. Akademiya və buradakı şərait isə çox yaxşıdır. Mənim müqaviləm mövsümün sonunda bitir. Yeni mövsümlə bağlı qərar verməyim üçün vaxtım olacaq. 

Mirbağırağa

Xəbər xətti