"Turan Tovuz"un tapmaca kimi kənarlaşdırılması - yenə Elxan Məmmədov?

12:23 - 3 İyun 2026

AFFA-nın sabiq idarəçisi Elxan Məmmədov neçə ildir ki, Azərbaycan futbolundan gedib. Amma nə hikmətdirsə, biz hələ də onun varlığını hiss etməkdəyik. Futbolumuzun xeyrində də yuxarı başdadır, şərində də. Gah baxırsan ona düşmən kimi bildiyimiz Qurban Qurbanovun oğlunun toyunda əl açıb oynayır. Gah başqa bir məsələdə başda gedir. İndi də "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasında onun adı hallanır. 

Uzunçuluq edib ətraflı yazmayacam. Zatən ölkə futbolu ilə maraqlananlar nə baş verdiyini bilir. 2019-cu ildə bir hadisə olub, "Turan Tovuz"un avrokuboklarda iştirakına qadağa qoyulub. Amma bu cəzadan nə klubun xəbəri olub, nə də futbol ictimaiyyətinin. 

O vaxt "Turan Tovuz"un Müşahidə Şurasının sədri olan Oqtay Abdullayev deyir ki, kluba bununla bağlı heç bir məlumat verilməyib. Sözündən belə çıxır ki, Elxan Məmmədov və əlaltıları bunu hamıdan gizlədiblər. Açığı, bu hadisə bir az da tapmacaya bənzəyir. O vaxtkı AFFA rəhbərliyi bunu gizlədibsə, bəs, indikilər hələ ötən mövsüm avrokubokların bir addımlığında olan kluba bu barədə niyə heç nə deməyib... 

Elə bir vəziyyət yaranıb ki, günahı da əminliklə kiminsə ayağına yazmaq olmur. Hər ağızdan bir avaz gəlir. Belə bir qərar var idisə, necə olub ki, klub bu illər ərzində bunun izinə düşə bilməyib... 

Bir şey dəqiqdir ki, hadisə Elxan Məmmədovun dönəmində baş verib və ictimaiyyətdən gizlədilib. O vaxt bu xəbər ictimailəşsəydi, ən azından mətbuat "Turan Tovuz"u yuxudan oyadardı. Necə alınır, necə olur deyə bilmərəm, amma Elxan Məmmədov futbolumuzun yaxasından qopmur ki, qopmur. Adam hər dəfə baş verənlərin yuxarı başında peyda olur. 

Faciə həm də ondadır ki, Elxan Məmmədov indikilərin idarəçiliyinə baxıb özünə bəraət qazandırır. Çünki ondan sonra da futbolumuzda dəyişən ciddi heç nə yoxdur. Yenə "kruq" anlayışı hökmranlıq edir. Heç bir ciddi iş görülmür. Görüntü xatirinə bir-iki layihə ortalığa atılıb, vəssalam. Başqa tərpəniş yoxdur. Nə tikən var, nə quran. Müsbət hal kimi yalnız Ayxan Abbasovun milli komandaya baş məşqçi təyin olunmasıdır. Lakin bir güllə bahar olmur... Yəni elə həmin AFFA-dır. Eyni təfəkkürlü adamlardı, adları başqa-başqadır. 

Həmid

Xəbər xətti