Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirildi

13:49 - 14 İyul 2026

Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib. PFL tərəfindən ənənə halını almış turnir 5-ci dəfə baş tutub.

Sportal.az xəbər verir ki, budəfəki yarışda komanda seçimi mərhələsi əvvəlki turnirlərdən fərqlənib. Belə ki, digər turnirlərdə ən çox mükafatçılar sırasına düşmüş, çempion olmuş media nümayəndələri “səpələnmişlər” səbətinə salınıb və bu cür iştirakçıların iki nəfərdən çoxu eyni komandada yer almayıb.  80-ə yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Təsadüfi deyil ki, çempion son turda müəyyənləşib. 

Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Yekunda "Şamaxı" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.

Tədbirin sonunda "Şamaxı" komandasına medallar və kubok təqdim edilib. Həm qaliblər, həm də ikinci və üçüncü yerlərin sahibləri pul mükafatına layiq görülüb.

Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən 4 komandanın üzvlərinə xatirə mükafatları verilib.

Xəbər xətti