Vaxtı ilə Azərbaycanda legioner həyatı yaşamış, hazırda isə futbolçu agenti kimi çalışan Tadas Simaitis Sportal.az saytına müsahibə verib.
Litvalı həmyerlisi, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas haqda danışıb.
- Valdas Dambrauskasın "Sabah"ın baş məşqçisi kimi Çempionlar Liqasına vəsiqə qazanması Litvada da çox danışılır?
- Bəli, Litvadakı bütün idman saytları və televiziyalar bu hekayədən yazır və Valdası, “Sabah” komandasını bu nailiyyətinə görə təbrik edirlər. Düzünü desəm, Litvada Valdasın “Sabah”dakı işi çox izlənilir. O, Litvada çox hörmətli bir insandır, ona görə də litvalılar indi Azərbaycan çempionatını əvvəlkindən daha çox izləyir.
- İndi Litvada ilin baş məşqçisi Valdas Dambrauskas seçilə bilər? Ümumiyyətlə, Valdası litvalı ən yaxşı baş məşqçi kimi qeyd etmək olar? Çempionlar Liqasında ilk litvalı baş məşqçi olacaq...
- O, əvvəllər dəfələrlə Litvanın ən yaxşı məşqçisi seçilib. Əminəm ki, yenidən ən yaxşı məşqçi seçiləcək. Litvada onun baş məşqçi kimi keyfiyyətinə şübhə yoxdur.
- Valdas Dambrauskası təbrik etmisiz? Onunla kontaktınız var?
- Düzünü desəm, onu hələ təbrik etməmişəm. Amma bunu indi edəcəyəm(gülür). Bir neçə dəfə əvvəl qısaca danışmışdıq. Hazırda “Sabah”da işləyən litvalı analitiklə birlikdə oynamışam. Oradakı hər 3 litvalı əsl peşəkardır. Onların və sizin uğurunuza sevinirəm.
- Valdas Dambrauskas vaxtı ilə Litvada bilik yarışmasına qatılıb və qazandığı pulla İngiltərəyə yollanıb, məşqçiliyi öyrənib. İndi əsas diqqətçəkən məqam budur. Demək ki, bəzən bu cür proqramlara qatılmaq da xəyalına apara bilir..
- Bəli, bu hekayə indi bütün dünyada yayılıb. Ədalətli olmaq üçün qeyd etmək lazımdır ki, Valdas hər halda İngiltərədə oxuyacaqdı. Televiziya şousu olmasaydı da, ora qatılmasaydı da, yolu dəyişməyəcəkdi. İstənilən halda, Dambrauskas İngiltərəyə yollanaraq təhsilini alacaqdı. Sadəcə həmin TV proqramı təhsil haqqını daha tez ödəməsinə kömək etdi. O, ağıllı insandır, pulu necə yatırmağı bilir(gülür).
- Ümumiyyətlə, Valdası bir neçə ildən sonra harada təsəvvür edirsiz? O, qarşıdakı illərdə top-5 liqası, daha böyük liqalarda çalışacaq səncə?
- O, yüksək ambisiyaları olan insandır. İnanıram ki, növbəti illərdə daha yüksək səviyyəyə çatmaq şansı olacaq və bu imkandan istifadə etməlidir. Sonda, əgər o, futbolun ən yüksək səviyyəsində uğur qazana bilməsə, Azərbaycandakı bu uğurdan sonra komandalarınız onu yenidən işə götürməyə çox açıq olacaqlar.
Mirbağırağa
