Hər şey və heç nə haqqında - Yens Andersonun mətbuat konfransına sözardı

16:08 - 19 Aprel 2024

"Neftçi"nin idman direktoru Yens Anderson mətbuat nümayəndələrini başına yığıb dərdləşmək qərarına gəlib. Kluba gəldiyi gündən bu yana qədər media qarşısına çıxmamağını da, iş görüb sonra danışmağı xoşlayan adam olması ilə əsaslandırıb. Yəqin çoxunuz fikrə getdiniz ki, axı, isveçli nə iş görüb ki, məhz indi jurnalistlərlə görüşmək qərarına gəlib. Düzü, sizin kimi mən də bir şey çıxara bilmədim bu məsələdən. Deyəsən, bu, "Neftçi" rəhbərliyi ilə Anderson arasında böyük sirdir. Özlərindən başqa heç kim görülən işin nədən ibarət olduğunu tuta bilməyib hələ...

Belədə sual yaranır ki, bəs, bu adam 1,5 saat jurnalistlərin qarşısında nədən danışıb - hər şeydən və heç nədən! Bir tərəfdən baxanda, isveçli klubun skautinq fəaliyyətindən tutmuş bazanın tikintisinə qədər hər şey barədə söhbət açıb. O biri tərəfdən baxanda, konkret nə iş gördüyünü, "Neftçi"nin niyə bu durumda olması ilə bağlı düz-əməlli fikir bildirməyib. Yəni, bura gələn əcnəbilərin əksəriyyətinin ritorikasında eşitməyə alışdığımız söz yığını. 

Yens Andersonun mətbuat qarşısına çıxıb gördüyü işlərlə bağlı hesabat verməsi yaxşı fikir idi. Çünki ona veriləsi suallar çox idi. Bəla ondadır ki, isveçli demək olar ki, heç bir suala doğru-dürüst cavab verə bilməyib. 

Nitqində tikinti məsələlərinə geniş yer verən idman direktoruna başa salmalıdılar ki, onun işi tikməkdir, amma baza yox, komanda tikmək. Hər şeylə bir az-bir az məşğul olmaqdansa, bir komandayla məşğul olmaq daha effektiv olardı. Başqa məsələdir ki, Andersonun komanda tikmək bacarığı nə qədərdir, aldığı maaşın qarşılığını verməyə qadirdimi, ümumiyyətlə "Neftçi" onun yeridirmi... 

Həmid
 

Xəbər xətti