Valdas Dambrauskas: "Son iki oyunda baş verənlər məni narahat etməyə bilməz"

21:53 - 5 Mart 2026

"Sabah" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"ni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnaalistlərin suallarını cavablandırıb:

- Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun laroldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlaarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə "Qəbələ" ilə oyunumuz var.  Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir.

- Hesab 2:0 olandan sonra komandada arxayınlıq yarandı?

- Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Psixoloji və ya taktiki amillər ola bilər.

- Həm Premyer Liqada, həm də kubokda qalib olmağın planlarını qurursuz?

- Hazırda məndə belə hisslər yoxdur. Bütün fikrim futbolçuları bərpa edib növbəti oyuna hazırlaşmaqdır.

- Yarımfinalda rəqibin "Qarabağ" olması "Sabah"ın titul qazanmaq şanslarına necə təsir edir?

- Həqiqətən də indi bu barədə düşünmürəm. Hələ heç yarımfinal oyunlarının təqvimi bəlli deyil. Mənim fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə keçiriləcək çempionat matçlarındadır. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşək.

- Bayaq dediz ki, "dəli" hesab oldu. Məşqçilik karyeranızda belə hallar baş verib?

- Sözün açığı, tam xatırlamıram ki, 2:0, 3:0 öndə olduğumuz hansısa matçlarda rəqib gəlib belə geridönüş etsin. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. "Sabah" azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər. Onu da deyim ki, bu gün çoxlu səhvlər etdik.

- Son iki oyunda 6 qol buraxmısız. Müdafiədəki problemlər sizi narahat etmir ki?

- Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımızdır.

- "Qarabağ"la oyunlarınız gərgin keçir. Bundan sonrakı matçlarda da eyni halların baş verəcəyi azarkeşləri narahat edir. Siz necə düşünürsünüz?

- Keçmişdə olanlar keçmişdə qalmalıdır. "Qarabağ"la son oyunda baş verənlərə görə üzr istədik. Bizim rəqibə böyük hörmətimiz var. İnanıram ki, onların da bizə həmçinin. Meydanda rəqib ola bilərik. Amma bunlar hamısı meydançanın içində qalmalıdır. Oyun bitəndən sonra hər kəs öz işinə davam etməlidir. Bu, sadəcə "Qarabağ"la bağlı olan məsələ deyil. 

Elçin Əlixan

Xəbər xətti