"Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

21:23 - 18 Oktyabr 2026

"Qalatasaray" İK-nın 33-cü başqanı, "Polat Holding"in idarə heyətinin sədri Adnan Polat sabah Bakıya gəlir.

Sportal.az "Sports.az"a istinadən xəbər verir ki, tanınmış iş adamının Bakı səfərində məqsəd "Polat Holding"in tərkibində olan "Ege Seramik" şirkətinin Türkiyə, Azərbaycan və dünyanın başqa ölkələrindəki 170 filial rəhbərinin və nümayəndələrinin Bakıda keçiriləcək işgüzar görüşüdür. 

Qeyd edək ki, Adnan Polat 1953-cü ildə Ərzurumda dünyaya gəlib. Türkiyə və ABŞ-də ali təhsil alıb, 2008-2011-ci illərdə "Qalatasaray"ın prezidenti olub. 

"Qalatasaray"ın hazırki stadionu "Rams Park" (əvvəlki "Türk Telekom Arena") onun dövründə tikilib, istifadəyə verilib. 

"Sarı qırmızılar" Adnan Polat dönəmində Türkiyə Super Liqasını və Türkiyə Superkubokunu qazanıb. 

Adnan Polat 2006-cı ildə "Qalatasaray"ın başqan yardımçısı olduğu dönəmdə komandanın çempionluğundan günlər öncə "Saat 20:45-də çempionuq" sözləri ilə klub tarixinə keçib. Həmin il mayın 14-ü "Qalatasaray" son turda təxminən həmin saatda çempionluğu rəsmiləşdirib və Adnan Polat "Ali Sami Yen" stadionununda tarixi çıxışı ilə yadda qalıb. 

2007-ci ildə "cimbom"un "Ali Sami Yen"də "Kayseri Erciyesspor"a 0:1 uduzduğu oyunda "sarı qırmızılar"ın futbolçusu, ötən mövsüm "Sumqayıt"ın baş məşqçisi olmuş Saşa İliç 50-ci dəqiqədə rəqibə gözlənilmədən dirsək zərbəsi endirərək meydandan qovulduğu üçün "İliç o dirsəyi ataraq "Qalatasaray"a xəyanət edib" deyib. 

Serbiyalı bu hərəkətinə görə 50 min avro cərimələnib. İliç illər sonra "Həmin an çox axmaq hərəkət etdim və komandamın uduzmasına səbəbkar oldum" deyib.

Adnan Polatın Bakı səfərində Azərbaycanda "Qalatasaray" tərəfdarları dərnəyi yaradılması məsələsi də gündəmdə olacaq. 

Xəbər xətti