Azərbaycan klublarından qovulanlar: Səbəb – içki, siqaret, gecikmə və digərləri YAZI

13:55 - 6 Yanvar 2014

Bəzi legionerlər Azərbaycana xeyir verib gediblər, bəziləri isə pul görüb “şişiblər”
 
Pul hər şey olmasa da, çox şeydir. Məhz kağız parçasının hesabına istəklərin bir hissəsi həyata keçir, işlər reallaşır. Azərbaycan futbolunun pulla tanış olmasından isə 10 il ötür. Məhz 2004-cü ildən bu yana Azərbaycanda bu sahəyə maliyyə qoyulur. Bütün bunlar yerli futbolçuların yaşayışını yaxşılaşdırmaqla yanaşı, həm də əcnəbi oyunçuların ölkəmizə gəlməsinə təkan verib. Bəzi legionerlər Azərbaycana xeyir verib gediblər, bəziləri isə pul görüb “şişiblər”.“Çempion” məhz ikinci xüsusiyyətinə görə Azərbaycandan qovulan legionerlərdən bəhs edən yazı hazırlayıb. Həmin yazını sizə təqdim edirik .
 
Pate Banqura
Azərbaycana gələn istedadlı oyunçulardan biri idi. Hücumçu qol vurmaq keyfiyyətlərinə malik idi. Amma o, Azərbaycanda oyunundan daha çox tərbiyəsizliyi ilə gündəmə gəldi. Afrikalı futbolçuların, onsuz da, nizam-intizamla bağlı problemləri olur. Amma Pate bunu tam açıq şəkildə göstərdi. Əsgər Abdullayevin sevimli oyunçularından olan Banqura “Gənclərbirliyi”, “Bakı” və “Olimpik”in uğurları üçün çalışıb. Amma ondan klub işçiləri tutmuş, qonşularına qədər hamı narazı qalıb. Odur ki, Banqura Azərbaycan futbolundan birdəfəlik silinib. Məlumat üçün əlavə edək ki, Banqura Azərbaycanda oynadığı ilk ildə bu tip hadisələrlə yadda qalmadı. Əlinə bir qədər pul dəydikdən sonra isə özündən çıxdı və əsl üzünü göstərdi ki, bunun da cavabını aldı.
 
Felipe Almeyda Feliks
Ona “div forvard” da demək olar. Yəqin ki, diqqətli azarkeşlər Qyoko Haciyevskinin “Bakı”sında cüssəsinə və öz oyununa görə fərqlənən braziliyalı hücumçunu unutmayıblar. Almeyda, xüsusən də, avrokuboklarda “Bakı”ya çox kömək etdi. Vurduğu qollarla diqqət mərkəzinə düşən braziliyalı oyunçu “Bakı”nın Avropadakı bombardiri ünvanına malikdir. Amma sonradan “Bakı”da qalmaq, oynamaq istəməyən forvard müxtəlif bəhanələr gətirib, məşqlərdən yayındı, intizamsızlıq etdi. O vaxt “Bakı”nın belə cah-cəlalı yox idi. Paytaxt klubu qamışların bitdiyi “Ədliyyə” stadionunda məşq edirdi. Artıq Avrokubok mövsümü bitmiş, “Bakı” da Tofiq Bəhramov adına Respublika Stadionundan çıxıb, ənənəvi olaraq “Ədliyyə”yə üz tutmuşdu. Almeyda isə oranı görüncə, sap-sağlam dizini tutub yerə yıxıldı və məşq etmədi. Məhz bundan sonra onunla “Bakı” arasında olan körpülər yandı. İntizamsızlığa başlayan forvard məhz bu səbəbdən “Bakı”dan qovuldu.
 
Jaba
Braziliyalı bəstəboy Jabanın Azərbaycana gəlişi böyük səs-küy yaratdı. Futbolçunu həmin vaxt ölkəmizə “Bakı”nın türkiyəli meneceri Tunc Afşar gətirmişdi. Həqiqətən də, o dönəm üçün böyük keçid sayılırdı. Çünki Jaba Türkiyə Superliqasında yaxşı oyunlar keçirmiş, təcrübə və ad-san qazanmışdı. Jaba “Bakı” üçün də xeyirli oyunçu oldu. Xüsusən də, ilk mövsümdə yaxşı oyunlar keçirdi, qollar vurdu. Amma az sonra əlinə pul dəydi və istedad itdi. Onun ən başlıca problemi spirtli içki düşgünü olması idi. Hətta onu əvəzedici heyətə göndərdilər ki, bəlkə düzələr. Amma olmadı ki, olmadı. Odur ki, Jaba “Bakı”dan göndərildi. Ani, heç kimin gözləmədiyi halda Türkiyənin Superliqa klubu “Antalyaspor”la anlaşdı. Amma həmin klubda da günləri uzun çəkmədi və Mehmet Özdiləkin qərarı ilə klubdan qovuldu. İndi isə gününü birinci və ikinci liqa klublarında baxışdan keçməklə yola verir.
 
Bəşir Müqədi
Azərbaycana gələn ən istedadlı oyunçulardan biri idi. Xüsusən də, standart vəziyyətlər və təkbətək mübarizə zamanı çox təhlükəli olurdu. Onunla bağlı bir mənzərə yadımdadır. İli dəqiq xatırlamıram. Müqədinin çıxış etdiyi “Olimpik” “Şəfa” stadionunda MOİK-lə münasibətlərini ayırd edirdi. Matçın sonlarında “Olimpik” penalti qazandı və topa həmişəki kimi, Bəşir yaxınlaşdı. Bəşir topa yaxınlaşdıqdan sonra “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev soyunub-geyinmə otağına getdi. Bəşir isə zərbəni dəqiq yerinə yetirib hesabı 3:0 etdikdən sonra hakim final fitini səsləndirdi. Mətbuat konfransında məsələyə aydınlıq gətirən Abdullayev addımı belə izah etdi: “Mən əmin idim ki, Müqədi zərbəni dəqiq yerinə yetirəcək”. Bəli, misirli oyunçu belə bir güvəni qazanmışdı. Amma etdiyi hərəkətlər bütün bu inamı yerə vururdu. Axırda elə bir məqamda aradan çıxarıldı ki, necə gəldiyi və necə getdiyi bilinmədi. Onu da deyək ki, Bəşir “Olimpik”dən öncə “Karvan”ın uğurları üçün çalışmışdı.
 
Dimitrios Sialmas
“Xəzər Lənkəran”da çıxış edən yunanıstanlı hücumçunun nəyə qadir olduğunu müzakirə etmək artıqdır. Milli komandanın sabiq üzvü özü istəyəndə futbol oynayırdı, istəyəndə zədələnirdi, istəyəndə qol vururdu, istəyəndə boş qapını belə görmürdü. Bu tip oyunçular isə heç vaxt yaxşı xatirələrlə xatırlanmırlar. Sialmasın “Xəzər Lənkəran”da sonu isə Azərbaycan Kubokunun finalında çatdı. “Neftçi” ilə həlledici görüşdə penaltini dəqiq yerinə yetirə bilməyən yunan hücumçu dərhal sonra klubdan qovuldu. Həmin vaxt “Xəzər Lənkəran”dan bildirmişdilər ki, Sialmas öz oyununa görə yox, məhz intizamsız hərəkətlərinə görə yola salınıb.
 
Leonardo Roşa
Həqiqətən də, Braziliya futbolunun keyfiyyətlərini özündə birləşdirən oyunçu idi. Azərbaycanda oynamadığı klub qalmadı. “Standard”dan başladı, “İnter”də davam etdi, “Bakı”da gün keçirdi və nəhayət, “Qarabağ”a üz tutdu. Roşanı hətta Qurban Qurbanov da düzəldə bilmədi. Öz oyunu ilə yanaşı, intizamsız hərəkətləri ilə də gündəmə gələn futbolçu Ağdam klubunun düşərgəsinə gec qoşuldu. Odur ki, onu klubdan qovdular. Amma, həqiqətən də, illər keçsə də, bu futbolçu xatırlanacaq. Çox fərqli oyun stilinə malik idi. Lakin xarakteri onu məhv etdi. Odur ki, yüksək səviyyəli oyunçu ola bilmədi.
 
Vangelos Mantzios
Bojidar Bandoviçin “Bakı”ya sırıdığı oyunçulardan biri idi. Adamın Bandoviçə baş məşqçi deməyə də dili gəlmir. Yunanıstanda istədiyini etdikdən sonra Azərbaycana üz tutan Bandoviç ölkəmizdə də əməllərini həyata keçirdi. Heç kimə lazım olmayan futbolçuları Azərbaycana gətirib, yaxşı pullar qazandı, daha sonra kompensasiya alıb gətirdikləri ilə yanaşı, özü də “Bakı”dan getdi. Bandoviçin “Bakı”ya sırıdığı oyunçulardan biri də yunanıstanlı Vangelos Mantzios oldu. Heç nə ilə yadda qalmayan yunan daha sonra intizamsızlıqları ilə gündəmə gəldi. “Bakı” rəhbərliyindən ciddi xəbərdarlıqlar alan yunanıstanlı forvard çıxış yolunu bazadan qaçmaqda gördü.
 
Miro Varvodiç
Ümumiyyətlə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qapıçılarla bağlı mövqeyini başa düşmək olmur. Əvvəlcə Boyan Pavloviçi aradan götürən Qurbanov daha sonra Miro Varvodiçə “yaxşı yol” dedi. Halbuki, getməzdən öncə Avropa Liqasının bütün oyunlarında məhz qapını Miro qorumuşdu. Bəs necə oldu ki, Qurban Qurbanov onu göndərdi? Bizdə olan məlumata görə, bunun futbolla heç bir əlaqəsi yoxdur. Qurban Qurbanov idmançıya zidd hərəkətlər edən, siqaret çəkib, hərdənbir də içki içən oyunçu ilə yola davam etməməyi məqsədəuyğun sayıb.
 
P.S. Əslində, belə hərəkətlər azərbaycanlı futbolçulara da yad deyil. İçki içən də var, siqaret çəkən də, futbolu qəlyan dumanında uçuran da. Amma onlar bu sahədə peşəkardırlar.
 
Elgiz Abbasov

Xəbər xətti