“Zirvəçilər” bir çəkidə iki medal qazandılar

16:00 - 28 Noyabr 2014

Avropa çempionatı

 

Kiprin Limassol şəhərində ağır atletika üzrə gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatında xüsusi qeyd olunacaq bir hadisə baş verib. 

 

Sportal.az "Zirvə" idman klubunun saytına istinadən xəbər verir ki, 94 kq çəki dərəcəsində körpücük üzərinə “Zirvə” İdman Klubunun iki idmançısı çıxıb və hər ikisi medal qazanıb. Onlardan biri Azərbaycan yığmasının üzvü, “Qobustan-Zirvə” klubunun nümayəndəsi Dadaş Dadaşbəyli, digəri isə Ukrayna yığmasının üzvü, “Jidaçiv-Zirvə” klubunun nümayəndəsi Vladimir Hozadır. Qeyd edək ki, Hoza yeniyetmələr arasında dünya və Avropa çempionatının bürünc mükafatçısıdır.

 

Onların hər ikisi əvvəlcə birdən qaldırma hərəkətində medal qazanıblar. Dadaşbəyli 167 kq-la 2-ci, şəxsi çəkisi ondan cəmi 70 qram çox olan Hoza isə eyni 167 kq-la 3-cü yerə sahib çıxıb.
 

Təkanla qaldırma hərəkətində də gümüş və bürünc medallar klubumuza qismət oldu. Dadaşbəyli 193 kq-la 2-ci, Hoza 191 kq-la 3-cü yerə çıxdı.

 

Toplamda da “Zirvə” İdman Klubu fəxri kürsüdə iki idmançı ilə təmsil olundu. 360 kq (167+193) nəticə ilə Dadaş Dadaşbəyli Avropa çempionatının gümüş, Hoza isə 358 kq (167+191) nəticə ilə bürünc medalını qazanıb.

Xəbər xətti