Qara Qarayev: "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq"

18:37 - 6 Avqust 2025

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayeev UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin "Omoniya" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 32 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Yaxşı tonusdayıq. Ötən oyundakı qalibiyyət bizə daha çox yaxşı əhval-ruhiyyə verib. Sabahkı matça tam heyətlə hazırıq. Yaxşı rəqiblə oynayacağıq. "Omoniya" son vaxtlarda oynadığımız ciddi və təhlükəli rəqibdir. Onların müəyyən oyunları haqda təhlillər etmişik. Dinamik və sürətli oynayan komandadır. Bütün fikrimiz sabahkı qarşılaşmaya yönəlib. Əlimizdən gələni edəcəyik ki, ev amilindən yararlanaq və qalib gələk. Hər kəsi oyuna dəvət edirəm. Bizə daha da vacib olan azarkeş dəstəyidir. 12-ci oyunçu ilə sabah inamlı nəticə əldə edə bilərik.

- "Omoniya"ya qarşı "Qarabağ"da oynamısan. Həmin vaxtdakı komanda ilə indikini müqayissə etsən, hansı güclüdür?

- Ciddi fərq var. Yeni baş məşqçi "Omoniya"ya yeni fəlsəfə gətirib. Əsas komandaya akademiyadan oyunçular cəlb edib. "Qarabağ"la oynadığımız "Omoniya" ilə hazırkı komanda arasında əsas fərq odur ki, indi hücum xətti daha aktivdir və oyunçular bir-birini daha yaxşı başa düşür. Hücum xətti və fəlsəfə tamam başqadır.

- "Araz-Naxçıvan" "Aris"i keçərək sürpriz etdi. Komanda "Omoniya" ilə matçda da favoritdir. Bu, sizə motivasiya verir?

- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Klub olaraq hədəfimiz var. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Nə qədər alınıb-alınmayacağı oyun vaxtı görünəcək. Biz hər şeyi edəcəyik. Fərq klublarda, adlarda deyil. Hədəfimizə çatmaq üçün hər şeyi edəcəyik.

- "Qarabağ"ın avrokuboklarda mərhələ keçdiyi ilk illərdə komandada oynamışdın. "Araz-Naxçıvan"da da addımlar atılır. Bənzərlik hiss edirsən?

- Əlbəttə, komanda yoldaşlarımla danışanda 2008-2009-cu illəri xatırlayıram. 2014-cü ilə qədər bir mərhələ, növbəti il iki mərhələ keçmişik. Böyümək üçün zaman lazımdır. "Araz-Naxçıvan" olaraq Liqa mərhələsini istəsək, bunun üçün böyük təcrübə və zaman lazımdır. Bənzərlik var. "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq. Növbəti illərdə də daha yaxşı, daha inamlı addımlar ataraq Liqa mərhələsində oynamaq fürsəti əldə edərik.

Mirbağırağa

Xəbər xətti