Milli komandamızın sabiq baş məşqçisi: "30 il əvvəl Oserdəki hesabın təkrarlanacağına inanmıram"

15:48 - 28 Sentyabr 2025

"Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi Ukraynaya qarşı yaxşı futbol oynadı. İndi isə Fransaya qarşı görüşü gözləmək lazımdır. Bilirəm ki, çətin olacaq. Fransa millisi hər zaman yüksək səviyyədə olan komandadır. Ancaq futboçuları və baş məşqçini dəstəkləmək lazımdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.
 
Yığma komandamız DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində oktyabrın 10-da Fransa millisinin qonağı olacaq. Haciyevski 1995-ci ildə "Oser faciəsi"nin təkrarlanmayacağına inandığını bildirib: "Yox, mən 30 il əvvəl Oserdəki hesabın təkrarlanacağına inanmıram. Son vaxtlarda Farer adaları, Cəbəllütariq kimi yığmalarda yüksəliş görünür. Nəyə görə "Qarabağ" kimi Çempionlar Liqasında komandası olan Azərbaycan millisindən uğurlu nəticə gözləməyək? Sadəcə futbolçuları Fransa ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmaq lazımdır. Hər halda, komandalar meydana 11 nəfərlə çıxır. İntizamlı, özgüvənli oynamaq mütləqdir".

Hazırda Bolqarıstan yüksək liqasında yarışan "Spartak"(Varna) klubuna rəhbərlik edən şimali makedoniyalı mütəxəssis yığma komandamızdakı problemdən və qarşıdakı perspektivdən söhbət açıb: "Bu tsikl başa çatdıqdan sonra baş məşqçisi məsələsi ilə əlaqədar olaraq, gələcək haqda düşünmək olar. Ancaq bir şeyi bilirəm ki, Azərbaycan millisinə dəvət ediləcək mütəxəssis xalqın mentalitetinə bələd olmalıdır, öz ölkələrində işləyirləmiş kimi işləməlidirlər. Azərbaycanlı futbolçular da Portuqaliya, İtaliya, Xorvatiya səviyyəsində oynamalıdır. Azərbaycan futbolunda yaxşı layihələri reallaşdırmaq lazımdır".

Mirbağırağa
 

Xəbər xətti