Ehtiram Quliyev üçün stimul - tək o pul xərcləsə də, bu yolda tək deyil!

15:45 - 12 İyun 2025

Arxada qalan mövsüm Misli Premyer Liqasında ev oyunlarında ən çox tamaşaçı yığan komanda "Turan Tovuz"dur.  Mövsüm ərzində qərb təmsilçisinin oyunlarını 78500 seyrçi izləyib. 

Əslində, "Turan Tovuz" Premyer Liqaya qayıdan gündən mənzərə belədir. Üç mövsümdür ki, ən yaxşı göstərici Tovuz təmsilçisinə məxsusdur. Tamaşaçı sayının ildən-ilə artması da bölgə klubu adına sevindirir. Klubun iddiaları böyüdükcə, azarkeşlərin marağı da böyüyür "Turan Tovuz"a. 

Bu mövsüm avrokuboklara vəsiqə qazanmaq alınmasa da, "Turan Tovuz" son ana qədər şansını saxlayırdı. Qışdan sonra qeyri-sabit çıxış etməsəydilər, hətta bürünc medalları da qazana bilərdilər. 

"Turan Tovuz" üçün ən önəmli olan məsələ klubun rəhbəri Ehtiram Quliyevin həvəsdən düşüb bu yoldan çəkilməməsidir. Nəticə olmayanda iddiasından geri çəkilən rəhbərləri çox görmüşük futbolumuzda. Hərçənd, Ehtiram Quliyevin iş planlaması göstərir ki, hisslərlə yox, ağılla yanaşan adamdı baş verənlərə. 

Azarkeşlərin "Turan Tovuz"un yanında olması xüsusilə Ehtiram Quliyev üçün bir stimul olmalıdır. Klub üçün tək o pul xərcləsə də, bu yolda tək deyil! Arxasında minlərlə "Turan Tovuz" sevərlər var. 

"Turan Tovuz"un ardıcıl üçüncü mövsüm birinci olması bir daha göstərir ki, bölgələrdə futbola daha çox gəlirlər.  Bu məqam investorların məhz bölgə klublarına maraq göstərməsi üçün ciddi səbəb ola bilər.

Xəbər xətti