Valdas Dambrauskas: "Heyəti qurarkən futbolçuların pasportuna baxmıram"

19:50 - 24 Avqust 2025

"Sabah" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah" ailəsini, uzaq səfərə gələn azarkeşləri təbrik edirəm. 4 ilə yaxındır ki, Şamaxı səfərində qalib gələ bilmirdik. Mənim üçün çox xoş oldu. Meydanda görmək istədiklərimizin hamısını gördük. "Şamaxı" çox çətin rəqibdir. Bura gələn komandalar meydanda yüz faizini verməsə, qarşılarında inadkar "Şamaxı" görəcəklər. Rəqib yaxşı təşkilatlanmış və intizamlı komandadır. Onlar yaxşı müdafiə olunurlar. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində çox işləmişdik. Topa nəzarət bizdə idi. İkinci hissədə rəqibin müdafiəsində boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu qoldan sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Hiss edirdik ki, böyük səhvlər etməsək, buradan qələbə ilə qayıda bilərik. Artıq növbəti oyuna köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar mövsümə pozitiv hisslərlə başlayıb. Səfərdə qazanılan 3 xal bizi sevindirir.

- Azərbaycan Premyer Liqasında ilk oyuna çıxdız. Çempionatın hansı özəlliyi sizi cəlb etdi?

- Həmişə avrokubok oyunlarından sonra çempionata köklənmək çətin olur. Belə hallarda nizam-intizam çox önəmlidir. Avropada 6 oyun keçirmişik. Artıq oyun ritminə alışmışıq. Hələ ki Azərbaycan futbolu barədə ekspert deyiləm. Televizorda oyunlara baxmışam. İki turdan sonra məndə belə qənaət yaranıb ki, favorit komanda yoxdur. "Qarabağ", "Neftçi" kimi komandaların rəqibləri onlara qarşı yaxşı mübarizə aparır. Hər komandanın özünün spesifik oyun planı var. Düşünürəm ki, hamımız birlikdə böyüməliyik. İnfrastrukturu yaxşılaşdırmaq, keyfiyyətli oyunçular cəlb etməklə bir yerdə inkişaf etməliyik.

- Coy-Lens Mikelslə İqor Noqeyra arasında mübahisə oldu. Həmin epizodu necə şərh edərdiniz?

- Əlbəttə ki, belə halları görməkdən məmnun deyiləm. Onların mübahisəsinin səbəbi daha yaxşı oynamaq istəməkləridir. Artıq hər şey bitib. Onlar oyundan sonra bir-biri ilə qucaqlaşdılar. Bu mövzu bağlanıb.

- 11 legioner sifariş etmisiz. Daha neçə legionerə ehtiyacınız var?

- Sualınız mənə təəccüblü gəldi. Mən daha çox oyunçuların məşqə yanaşmasına baxıram. Heyəti qurarkən futbolçuların pasportuna baxmıram. Komandanı rəqibə görə hazırlayıram. Kim hazırdırsa, ona şans verirəm. Əlində olan heyətdən məmnunam.

- "Qarabağ" çempionatda ikinci heyətlə oynayır.  Onları qabaqlaya bilərsiz?

- "Qarabağ"ın çempionatda hansı heyətlə oynaması ilə bağlı şərh verə bilmərəm. Mənim üçün ilk 11-lik, ikinci 11-lik deyə, bir şey yoxdur. Öz oyunçularımdan məmnunam. Həmişə çalışırıq ki, komandanı inkişaf etdirək. 10 aydan sonra nələrin olacağını deyə bilmərəm. Sabah bərpa məşqçi keçəcəyik. Hazırda ən önəmli oyun növbəti turda "İmişli"yə qarşı olan matçdır.

Elçin Əlixan

Xəbər xətti