“Real”ın müdafiəçisi Raul Asensio baş məşqçi Alvaro Arbeloa ilə bağlı şərhləri izah edəcək açıqlama yayıb.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu oynamamasına münasibət bildirib.
Daha əvvəl, futbolçu sosial şəbəkədə “kral klubu”nun heyətində yer almaması ilə bağlı azarkeşin verdiyi sualı bu cür cavablayıb: “Arbeloadan soruşsanız, daha yaxşıdır”.
Asensio məsələnin əsas müzakirə mövzusuna çevrildiyini gördükdən sonra isə X sosial media səhifəsində bunları yazıb:
“Niyə bu məsələni böyük problemə çevirirsiniz, başa düşmürəm. Baş məşqçi oyuna cavabdeh şəxsdir. O, oyunçuları meydana buraxır və onları da əvəzləyir. Mən Arbeloaya və bütün komanda yoldaşlarıma böyük hörmətim var”.
Asensio sonuncu dəfə martın 6-da İspaniya La Liqasının 27-ci turunda “Real” – “Selta”(2:1) matçında meydana start heyətində çıxıb və sona qədər oynayıb.
