"Olimpik"də oynayanda isə dedilər al bu 100 mini qoy cibinə"
AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov fevralın 24-ü keçirilən Premyer Liqanın III turundan təxirə salınmış AZAL – "Neftçi” matçının danışılmış oyun olması ilə bağlı ortaya atılan iddialara münasibət bildirib.
Sportal.az xəbər verir ki, Tərlan Əhmədov mətbuat konfransında ona ünvanlanmış suala sərt reaksiya verib:
"Açığı, birdəfə mənə dedilər ki, filan futbolçu oyun satıb. Mən isə qayıdıb dedim ki, yəqin sən o qədər oyun satmısan ki belə danışırsan. Həmin vaxt bir başqa komandada çalışırdım. Mən Portuqaliyada olanda oxudum ki, guya biz "Neftçi” ilə danışıqlara getmişik. Mənə maraqlıdır, görəsən "Neftçi” bizi mübarizədən kənarlaşdırsa, həmin adamlar nə edəcəklər? Bir az geriyə qayıdaq. Türkiyə ilə oyunda mənə böyük təzyiqlər oldu. Dedilər ki, oyunu verək. Mən isə satılmadım. Fuad Musayev ölməyib ki, sağdı. Dedi ki, nə deyirsən nə edək? Dedim əgər oyun veriləcəksə, mən burada yoxam. Satılmaram. Həmin hadisəyə görə azərbaycanlı deputatlar mənə təzyiqlər etdilər. Amma mən əqidəmi ayaqlar altına atmadım. "Olimpik”də oynayanda isə dedilər al bu 100 mini qoy cibinə, oyunu ver bizə. Mən isə öz oyunumu oynayıb, qələbəmi qazandım, 3 min mükafatımı öz klubumdan aldım. Mən satılmıram”.
saytlarin hazirlanmasi