Azad Rəhimov: "Erməni bədii gimnastlar da Bakıya gəlməyəcək" VİDEO

20:40 - 11 Mart 2015

"Mən özüm həmin ay toy mərasimində olacağam"

 

Xəbər verdiyimiz kimi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bu yay keçiriləcək I Avropa Oyunlarının ev sahibi ölkə Azərbaycanda yayımını təmin etmək üçün bu gün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (Az.TV) ilə saziş imzalayıb.
 


Sportal.az xəbər verir ki, Azərbaycanın Gənclər və İdman Naziri və BAOƏK-nin baş icraçı direktoru Azad Rəhimov BAOƏK-nin baş direktoru Saymon Kleqq və Az.TV-nin sədri Arif Alışanov ilə birgə mətbuat konfransı keçirib. 

Rəhimov öncə Bakı Olimpiya Stadionunun çökməsi barədə xəbərləri şərh edib və bunun həqiqətə uyğun olmadığını açıqlayıb: "Stadion təhvil alınmamışdan öncə hərtərəfli yoxlanılıb. Hazırda arenada elektrik xətləri çəkilir. Çökmə olsaydı, kabellər də çəkilməzdi. Hamısı şayiədir".

Nazir daha sonra son vaxtlar gündəmdə olan Ermənistanın yunan-Roma güləşçilərindən ibarət yığmasının Bakıya gəlməməsi haqda da danışıb. O, təhlükəsizlik məsələləri ilə bağlı bunları deyib: "Nəinki Ermənistan, Avropa Oyunlarının bütün iştirakçılarının təhlükəsizlik məsələləri tam təmin olunacaq. Həmişə ancaq İsraildə güclü mühafizənin olduğunu görmüşük. Sizə söz verirəm ki, digər ölkələrin nümayəndələri də eyni qaydada qorunacaq".

 


Azad bəy Avropa Oyunlarına görə Bakıda küçə itlərinin qırılması barədə deyilənlərini isə təkzib edib. Ancaq Rəhimov küçə itləri ilə bağlı başına gələn hadisədən də danışmağı unutmayıb: "Sizә bir әhvalat danışım. Bir dәfә Bilgəhdəki bağ evimdәn çıxanda itlәr üzərimə cummuşdu. Onlar mәni parçalamağa hazır idilәr. Maşınların sayәsindә hәmin itlәrdәn qurtuldum. İnsan olmayan yerdə belə itlər təhlükəlidir. Amma itləri öldürmək və ya yandırmaq olmaz".
 


Mətbuat konfransının sonunda isə Rəhimov jurnalistlərə yarızarafat şəkildə bildirib: "Mən gözləyirdim ki, bu barədə də sual veriləcək. Bakıda xeyir-şər tədbirlərinin qarşısı alınmayacaq. Kim istəsə, toy edə, kiminsə ölüsü olsa, çadır qura bilər. Mən özüm həmin ay toy mərasimində olacağam. Yəni iyunda toyların ləğv olunması ilə bağlı şayiələr tamamilə əsassızdır".
 


Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

 

Xəbər xətti