41 ölkədən 241 boksçu
Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatına start verilib.
Sportal.az xəbər verir ki, yarışda 41 ölkənin 241 boksçusu mübarizə aparır.
Qitə çempionatında hər çəkidə ilk 6 yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar. Azərbaycanın 8 boksçusu "Bakı-2015" I Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiyindən, Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxacaq. Məşqçilər korpusu 49 kq çəki dərəcəsində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb. +91 çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov zədəli olduğundan, Avropa çempionatına yollanmayıb.
Avropa çempionatında 49 kq çəki dərəcəsində 14 boksçu gücünü sınayır. Həmyerlimiz ilk görüşünü avqustun 9-da Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirəcək. Boksçumuz bu qarşılaşmadan qalib ayrılsa 1/4 finalda Yulian İvanov (Moldova) – İştvan Unqvari (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.
saytlarin hazirlanmasi