"Qarabağ" AZAL matçından (6 - 0) sonra "təyyarəçilər"in müdafiəçisi Ruslan Əmircanovun Sportal.az-a müsahibəsi:
- Böyük hesabla məğlub oldunuz...
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Oyundan öncə, belə bir nəticə ilə məğlub olacağımızı desəydilər, heç kim inanmazdı. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə buraxdığımız qol, böyük hesablı məğlubiyyətin əsas səbəblərindən biri oldu. Oyuna pis başladıq, ilk dəqiqələrdə qol gördük qapımızda. Etdiyimiz səhvlər uşaq futbolunda edilən səhvlər kimi idi. Biz bu oyuna gələndə uduzmağı düşünmürdük. ''Qarabağ''ın güclü olduğunu bilirdik. Lakin məğlub olmağa gəlmirdik. Bizə lazım olan nəticəni almaq istəyirdik.
- Hər zaman iddialı komandalarda oynamısan. İndi AZAL da oynamaq, sənə necə təsir edir?
- AZAL digər klublardan maliyyə cəhətdən zəif olsada, kollektiv baxımından digər klublardan seçilmir. Heyətimiz cavan oyunçulardan ibarətdir. Hamısı da canavar kimidir. Hələ öz oyunumuzu tapa bilməmişik. Komandaya müəyyən bir vaxt lazımdır. Keçən il AZAL öz meydanında ''İnter''dən başqa bütün komandaları məğlub edib.
- Ötən il də AZAL uğursuz başlamışdı. Lakin daha sonra komanda özünə gəldi...
- Keçən il komanda 5-6 tur qol vura bilmədi. Daha sonra lazım olan nəticələri qazanmağa başladı. Müəyyən vaxtdan sonra əvvəlki AZAL-ı görəcəksiniz.
- Sənə indiyə qədər hansısa məşqçi meyxana deməyi qadağan edib? Çünki Samir Abasov Kamran Ağayevə qarşı belə addım atıb…
- Əsas futbolumu oynayıram. Məşqçi mənə deməyib ki, oyundan sonra restorana gətmə, çay içmə. Futbolçunun gördüyü iş vacibdir. Məşqçi oyundan sonrakı işimə qarışmayıb.