Fərəcullayev baş katib vəzifəsinə keçəndə əvvəlki komandadan qalan peşəkarları özünə müavin gətirməklə cəsarətli addım atmışdı, qətiyyət göstərmişdi. Bilirdi ki, Elxan Məmmədovun adamlarıyla davam etməsi xoş gəlməyəcək çoxlarına. Buna rəğmən, Kamran Vəliyev, Elçin Məmmədov kimi təcrübəli kadrları qabağa çəkməklə, intriqalardan uzaq olduğunu, iş görmək, peşəkarlarla əl-ələ verib bu sahəni qaldırmaq üçün gəldiyini ismarıc vermişdi ictimaiyyətə.
Zamanla hər şey yaxşıya doğru dəyişməliyidi. Amma təəssüf, zaman futbolumuz xeyrinə işləmədi. Vaxt keçdikcə Fərəcullayev peşəkarları yola salmağa başladı, federasiyanı öz adamlarıyla doldurdu.
Azərbaycan futbol tarixində AFFA-nın sabiq baş katibi Elxan Məmmədov qədər tənqid edilən, qınanan ikinci belə funksioner olmayıb. Lakin Məmmədovun çoxlarının bilmədiyi tərəfləri barədə də yazmaq lazımdır. Elxan Məmmədov güclü aparat rəhbəri idi. Onun idarəçiliyi dönəmində AFFA struktur olaraq mexanizm kimi işləyirdi. Elxan Məmmədov da ətrafına öz çevrəsini yığan adam idi, lakin onun rəhbəri olduğu federasiyada peşəkarlar çoxluq təşkil edirdi. Özündən sonra da yaxşı kadrlar qoyub getdi. Yəqin indi çoxlarınızda sual yaranır ki, Elxan Məmmədov belə güclü idarəçi idisə, futbolumuz niyə bu gündədir? O sualın cavabı daha dərindədir. Mənim fikrim belədir ki, Məmmədov daha çox öz maraqlarına xidmət edirdi, nəinki futbolun. Əksi olsaydı, ölkə futbolu bəlkə də belə vəziyyətə düşməzdi.
Məmmədovdan sonra Sərxan Hacıyevin keçid dönəmi idarəçiliyi oldu AFFA-da. Onun da nöqsanları var idi. Hərçənd bu sahədə ən dürüst, saf adamlardan biridi. Amma durğunluq yaşayırdı, həm özü, həm də futbolumuz. Lakin bir şey dəqiqdir ki, o da peşəkarları çölə atmayıb.
Cahangir Fərəcullayev bu mənada sələflərindən pis nümunədir. Fərqinə varmır ki, bu sahədə bir peşəkar kadrın yetişməsinə illər tələb olunur. Dost-tanışlarına iş yeri düzəltmək üçün futbolda ixtisaslaşmış mütəxəssislərin çörəyi ilə oynamaq doğru deyil. Bəlkə də anlayır, amma özünü dostlarının yanında yaxşı eləmək üçün əlinə düşən vəzifəni fürsət bilir.
Fikrət
saytlarin hazirlanmasi
