Elxan Məmmədovdan sonra yaxşı olacağına ümid edirdik, daha pis oldu! - Rövşən Nəcəf Rövnəq Abdullayevin səhvini təkrarlayır

13:38 - 19 Oktyabr 2026

Tanıyanlar bilir, Rövnəq Abdullayev yaxşı adamdı. Futbola da böyük yatırımlar edirdi. Amma bir pis cəhəti varidi ki, AFFA-da külli-ixtiyarı vermişdi Elxan Məmmədova, özü çəkilib durmuşdu qıraqda. Federasiyanın keçmiş baş katibi də, mal özgənin-pul özgənin düşüncəsiylə istədiyini eləyirdi futbolumuzda. 

Bəlkə də Rövnəq müəllim sonralar bunun peşmançılığını çəkib. O qədər pullar getdi, ortalığa öyünəsi bir şey çıxara bilmədi onun AFFA-sı. Elə hey qınandılar, millətin danlağıyla üzləşdilər. Amma Elxan Məmmədov axıra qədər tutduğunu buraxmadı, heç bir ictimai qınaq altında özünün və ətrafının maraqlarına xidmət eləmək yolundan çəkilmədi/çəkinmədi. Bununla da özü öz sonunu gətirdi. Belə görünür ki, FİFA-dakı iş yerini itirməsinə də çox qalmayıb. 

Elxan Məmmədov dünəndi, biz sabaha baxmalıyıq. Amma bu günümüzü görəndə, sabaha ümidlə baxa bilmir adam. Təəssüf ki, AFFA-nın hazırki prezidenti Rövşən Nəcəf sələfi Rövnəq Abdullayevin səhvini təkrarlayır. Sanki Rövşən bəy Azərbaycan futbolu üçün yeni Elxan Məmmədov yetişdirir, Cahangir Fərəcullayevin simasında. 

Əslində, Fərəcullayev AFFA-dakı fəaliyyətinə yaxşı başlamışdı. Baş katib əvvəl-əvvəl doğru fikirlər səsləndirirdi, əvvəlki komandadan qalan peşəkarları yanına çəkdi, milliyə yerli məşqçinin gətirilməsində əhəmiyyətli rol oynadı. Kaş, "ardı var" deyə bilərdik, amma ardı gəlmədi. Elə bil adamı dəyişdirdilər, bəlkə də daşıdığı vəzifə əyninə gəlmədiyindən dəyişdi. 

Cahangir Fərəcullayev islahat adıyla nə dost-tanışı varsa, az qala hamısına AFFA-da iş verdi. İllərdi bu qurumda çalışan peşəkarların əksəriyyətinə qapını göstərdi. Hələ məişət səviyyəsində olan bir çox başqa şeyləri yazmırıq. Mümkün deyil ki, Rövşən Nəcəf AFFA-nın binasında baş verənlərdən məlumatsız olsun. Çox yox, yarımca saat vaxtını ayırıb araşdırma aparsa, Fərəcullayevin özünün və federasiyaya yerləşdirdiyi ətrafının anında işdən çıxarılması üçün kifayət qədər əsas olar əlində. 

Biz gözləyirdik Elxan Məmmədovun gedişindən sonra hər şey yaxşıya doğru dəyişər. Amma təəssüf... Rusiyanın sabiq baş naziri Viktor Çernomırdinin məşhur deyimi var, elə bil futbolumuzun bu günü üçün söyləyib: "Biz ən yaxşısını istəyirdik, amma həmişəki kimi alındı".

Emin Abbasov

Xəbər xətti