Robert Prosineçki: "Orada işləməyin nə demək olduğunu bilirəm"

10:39 - 11 May 2017

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis uzun müddət çıxış etdiyi və baş məşqçisi olduğu "Srvena Zvezda" haqda danışıb. O, Belqrad klubunun hazırkı durumundan söz açıb:

 

"Srvena Zvezda" Serbiyanın ən böyük klublarından biridir. Ancaq hazırda komandada hansı işlərin getdiyindən xəbərsizəm. Əlbəttə, "Srvena Zvezda"nın baş məşqçisi olmaq çox çətindi. Mən bu komandada çalışmışam və orada işləməyin nə demək olduğunu dərk edirəm. Düzdü, hər bir komandanın hədəfi var. Amma başqa klublarla müqayisədə də "Srvena Zvezda"nın baş məşqçisi olmaq daha çətindi. Çünki rəhbərlik başda olmaqla, bütün şəhər sakinləri səndən uğur gözləyirlər".

 

Prosineçki hazırda Xorvatiyanın “Riyeka” klubunu çalışdıran Matyaj Kekin “Srvena Zvezda”nın baş məşqçisi postuna keçmək ehtimalını dəyərləndirib. O, sloveniyalı mütəxəssisin Xorvatiyada yaxşı işlər gördüyünü vurğulayıb:

 

"Onun Xorvatiyada əla komandası var. "Riyeka" yaxşı klubdu və Kek bura gəlməkdə yaxşı seçim etmişdi. Etiraf etmək lazımdır ki, "Riyeka"da əla işlər görüb. Amma “Srvena Zvezda”ya getsə, “Riyeka” ilə müqayisədə uğur qazanması daha çətin olacaq. Dediyim  kimi, "Srvena Zvezda"da təzyiq altında işləmək çox çətindi".

 

Qeyd edək ki, Prosineçki 2010-2012-ci illərdə "Srvena Zvezda"nı çalışdırıb.

Xəbər xətti