AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasdan sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
- Premyer Liqada 10 komanda olacağını dediniz. Komandaların adlarını deyə bilərsiniz? Bir də əsas çempionata birinci diviziondan komanda gələcək. Orada 5 belə klub var. O, klubları divizionda hansı komandalar əvəz edəcək?
- Hansı komandaların olacağını demək çətindir. Bu lisenziyalaşdırmadan asılı olacaq. Diviziona isə iki və ya üç komandanın qoşulmasına çalışacağıq. Region Liqasından komandalar ola bilər. Orada maraqlı oyunlar keçir və maraq var.
- Bildirdiniz ki, VAR sistemindəki çiplərlə bağlı problem ortaya çıxıb?
- Bu təkcə çiplərlə bağlı problem deyil. Pandemiyaya görə bir çox çətinliklər var. İki ay müddətinə gəlincə, həmin vaxt ərzində 28 oyun keçirmək nəzərdə tutulur. Həmin oyunlar hakimlər üçün təcrübə olacaq.
- Futzal üzrə milli komandamız Avropa çempionatında heç də uğurlu çıxış etmədi. Azərbaycan Futzal Federasiyasında hər hansı dəyişikliklər gözlənilir?
- Komandamız Avropa çempionatında o qədər də uğursuz olmadı. İspaniyaya qarşı keçirdikləri oyunu xüsusi qeyd etmək istəyirəm. Amma futzalda müəyyən dəyişikliklər gözlənilir. Çempionatla, strukturla bağlı planlar var.
- Azərbaycanda yeni bukmeyker şirkəti fəaliyyətə başlayıb. Onunla hansısa istiqamətdə danışıqlar aparılıb?
- Biz həmişə yeni investerolarla danışıqlar aparırıq. Onlar yeni olduğu üçün indiki mərhələdə danışıqlar gedir.
- Sumqayıtda tikilməsi nəzərdə tutulan stadionun tikintisi niyə dayandırılıb? Birbaşa aidiyyətiniz olmasa da, maraqlanırsınızmı?
- Stadionun tikintisində sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Bu sualı onlara versəniz, daha yaxşı olar.
- Premyer Liqaya gələcək iki komandanın region komanda olması nəzərdə tutulub, yoxsa Bakı təmsilçiləri - “Qaradağ Lökbatan” və MOİK də gələ bilər?
- Bu lisenziyalaşdırmadan asılıdır. Hər komanda ola bilər.
- İcraiyyə Komitəsinin iclasında legioner limiti məsələsi müzakirə olundumu?
- Həmişə müzakirə olunur. Amma uyğun formulu tapmaq çətindir.
- “Səbail”in stadionunun ot örtüyünün süni olmasından Samir Abasov da, Qurban Qurbanov da şikayətləndi. Ot örtüyünün dəyişilməsi müzakirə edilirmi?
- Bəli, bununla bağlı tender elan etmişik. Növbəti mövsümdə ot örtüyü dəyişiləcək.
- On komanda olacağı halda çempionatda üç dövrəli, yoxsa dörd dövrəli sistem olacaq?
- Bunu şifahi olaraq müzakirə etmişik və dörd dövrəli sistem olacağı gözlənilir.
- Türkiyə Futbol Federasiyası ilə müzakirələr gedirdi ki, azərbaycanlı futbolçu Türkiyədə legioner sayılmasın, türkiyəli futbolçu da Azərbaycanda. Bu müzakirələr nə yerdə qalıb?
- Bu müzakirələr davamlı olaraq gedir. Amma bunun üçün hüquqi bir prosedur lazımdır. Fikrimcə, bu məsələ hər iki tərəfə xeyir verər.
- “Neftçi”nin yeni transferi Azər Əliyevin Azərbaycan yığmasına cəlb olunması ilə bağlı hər hansı iş görülürmü?
- O, “Neftçi”də legioner kimi çıxış edir. Dünən də meydana əcnəbi statusunda çıxdı. Klub bununla bağlı bizə müraciət edib. Amma futbolçudan hər hansı müraciət daxil olmayıb. Onun milliləşdirilməsi prosesi üçün futbolçu bizə ərizə ilə müraciət ünvanlamalıdır. (Qafqazinfo)
saytlarin hazirlanmasi
