Ölkə çempionatında 4-cü turun daha bir oyunu keçirildi

22:26 - 2 Fevral 2022

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir oyun keçirilib.

Sportal.az xəbər verir ki, IV tur çərçivəsində “Murov” “Neftçi” ilə üz-üzə gəlib.

“Murov”un bazasında baş tutan görüş qonaqların üstünlüyü ilə başlayıb. Onlar gərgin keçən ilk hissəni çətinliklə də olsa aktivlərinə yazıblar – 31:29. Ardınca ssenari dəyişib. Bu dəfə “Murov” təşəbbüsə yiyələnib. İkinci hissədə 25:23 hesabı ilə qalib gələn komanda status-kvonu bərpa edib – 1:1.

Lakin “Murov”un bundan artığına gücü çatmayıb. Üçüncü seti 25:16 hesabı ilə qalib gələn “Neftçi” 4-cü hissədə rəqibini 25:20 hesabı ilə məğlub edib və matçın hesabını müəyyənləşdirib – 3:1.

Bununla da 3-cü oyunda ikinci qələbəsini qazanan komanda 6 xalla liderliyə yüksəlib. Onlardan 1 görüş az keçirən və 3 xal geri qalan “Murov”, MOİK və “Ekspress” müvafiq olaraq 2-4-cü yerdə qərarlaşıblar. Sonuncu pillədə olan “Sərhədçi” bir oyun keçirib və hələlik xal hesabını açmayıb.

​“Sərhədçi”nin baş məşqçisində və oyunçusunda koronavirus aşkarlandığından oyunları təxirə salınıb.

Xəbər xətti