"Futbolçularım ən azından ilk 15-20 dəqiqədə “Zirə”nin əsəblərilə oynamağı bacardı"

20:26 - 13 Fevral 2022

"Bir çoxları artıq cütün taleyinin həll olunduğunu düşünürdü. Əslində, böyük ölçüdə həll olunumuşdu. Planlaşdırmışdıq ki, ilk 20 dəqiqədə rəqibi təzyiqdə saxlayaraq qol vuraq. Bu da bizdə alındı. Növbəti qol epizodları da oldu, onları dəyərləndirə bilmədik. Dəyərləndirə bilsəydik, "Zirə"nin həyəcanı arta bilərdi. Amma bəzi futbolçularımızda ustalıq səviyyəsi çatmadı ki, həmin epizodları qola çevirək".

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə cavab oyunundan sonra danışıb. Hacıyev, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:

"İlk 20 dəqiqədən sonra "Zirə"nin oyunu ələ aldı və fasiləyə 2 qol vuraraq yollanması düşündüyümüz planı daha da çətinləşdirdi. Fasilədə isə Ruslan Hacıyevi məcburiyyətdən əvəzlədik. İkinci yarının 15-20 dəqiqəsində yenə cəhd etmək istədik ki, bəlkə oyunu çevirdik. Amma futbolçular üçün də ağır idi ard-arda pressinq etmək. Futbolçularımızın bəziləri yorğun idi, bəziləri zədə ilə çıxmışdı matça. 4-5 itkimiz də var. Ümumi olaraq, futbolçularımızın yanaşmasından razı qaldıq.

Futbolçularım ən azından ilk 15-20 dəqiqə “Zirə”nin əsəblərilə oynamağı bacardı(gülür). “Zirə” istədiyi qolları vurduqdan sonra daha rahat oynamağa başladı. Bu turnirlə layiqli vidalaşmağa çalışdıq. Futbolçularda bacarıq nə idisə ortaya qoydular. Bizim üçün hər iki cəbhədə mübarizə aparmaq onsuzda çətin idi. Bundan sonra fikrimizi çempionata yönəldib, düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. “Zirə”ni təbrik edirəm, layiqli komandadı. Yarımfinal üçün hər bir imkanı var. Onlara uğurlar arzulayıram".

 

Xəbər xətti