Murad Musayev: "Risk etdik və ikinci qolu buraxdıq"

18:57 - 20 Fevral 2022

Azərbaycan Premyer Liqasının 16-cı turunda keçirilən “Zirə”- “Sabah” matçından sonra qonaq komandanın baş məşqçisi Murad Musayev mətbuat konfransında çıxış edib. 

Sportal.az xəbər verir ki, o, komandasının oyunu barədə bunları deyib: "Döyüşkən oyun alındı. Komandalar topsuz, aqressiv oynayırdı. Demək olar ki, meydanda boş yer yox idi. Oyun səhvə qədər getdi. Təəssüf ki, səhvi biz buraxdıq. Bütün gücümüzü meydanda qoyduq ki, hesabı bərabərləşdirək. Amma alınmadı. Risk etdik və ikinci qolu buraxdıq. Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Komandamın bugünkü çıxışına, yanaşmasına iradım yoxdu".

- Xuan Kamara nəyə görə oynamırdı?
- "Neftçi" ilə oyunda zədələnmişdi. Sabah MRT müayinəsindən sonra əzələsindəki vəziyyətin nə yerdə olacağını biləcəyik.

- Növbəti turda "Neftçi" ilə oynayacaqsınız. Kubokdakı gərginlik bu oyuna necə təsir edəcək?
- Bir həftə sonra oynanılacaq oyunda nə olacağını deyə bilmərəm. Biz indi bugünkü oyun haqda danışa bilərik. Necə olacaq, bir həftə sonra görəcəyik.

​- Yeni transferlər etməyə davam edirsiniz. Bunlar nəyə hesablanıb?
- Bu, çox qəribə sualdı. Transferləri gücləndirmək üçün edirlər.

- Komanda ölkə kubokundakı çıxışını dayandırdı, çempionatda isə avrokuboklar zonasından uzaqdı. Bu, transferləri növbəti mövsüm üçün etmisiz?
- Transferləri komandanı gücləndirmək üçün edirik. 12 oyunumuz var. Gələcək mövsüm haqda düşünmürük.

- "Sabah" yaxşı oynasa da, epizodlarları reallaşdırmaqla bağlı problemlər var...
- Bugünkü matç hücumdakı ən pis oyunlarımızdan biri oldu. Daha çox kəskinlik yaradırdıq hücumlarda. Yaxşı oyun göstərdik hücumda.  Sadə top itkiləri çox oldu. Bəzən də dəqiqlik çatmırdı.

Xəbər xətti