Azərbaycan Premyer Liqasının 16-cı turunda keçirilən “Zirə”- “Sabah” matçından sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.
Sportal.az xəbər verir ki, o, komandasının oyunu barədə bunları deyib:
"Çox gərgin oyun oldu. Həm də maraqlı idi. Çempionatımızda bu qədər oyunlar çox olsa, futbolumuz inkişaf edəcək. İlk yarıda hər iki komanda əzmkar mübarizə aparırdı. İkinci hissədə daha aktiv oynamağa başladıq. Bu da təbii haldı. Hər iki komandanın dinamikası düşdükdən sonra komandalar bir-birinə oynamaq imkanı verirdi. Daha rahat oynamağa başladıq, hücumlarımız alındı. "Sabah" yaxşı, çempionatın ən mübariz, pressinq tətbiq edən komandasıdı. Çalışdıq ki, bu gün qələbə qazanaq. Başa düşürdük ki, dünənki nəticələrdən sonra rəqib qələbəyə oynamağa çalışacaq. Şükür Allaha vacib qələbə qazandıq. Yolumuza davam edəcəyik".
- Komandanın gücü hər iki cəbhədə nə vaxta qədər mübarizə aparmağa çatacaq?
- Proqnoz verməyi xoşlamıram. 4-5 gündən bir oyunlar olacaq. Kubokda da rəqib "Neftçi"di. Heyətimiz bir az genişdi. Meydana sonradan daxil olan 3 futbolçu var idi. Çalışacağıq ki, hər iki cəbhədə sona qədər mübarizə aparaq. Amma zaman göstərəcək hər şeyi.
- Hamidu Keyta daha çox hücumçu, yoxsa vinger kimi effekt verir?
- Hər iki mövqedə. Söhbətimiz oldu, dedi əsas mövqeyim soldu cinah. Dedim ki, başa düşürəm, uğurlu olacaq. Davit Volkovla aramızdakı söhbətimizi ona danışdım ki, sağda daha rahat olduğunu demişdi, sonradan forvarda çevrildi. Hər ikisinin driblinqi, sürəti yaxşıdı. Hər iki mövqedə rahatlıqla istifadə edə bilərik.
- Ağabala Ramazanov özünü narahat hiss etməyə başlayıb?
- Bizdə heyətdə qıtlıq var idi. Ağabala kapitandı, aparıcı oyunçudu. Rotasiyalar rəqibə, oyuna görə davam olacaq. Planlaşdırmışdıq ki, oyunun dinamikası düşdükdən sonra, təcrübəli futbolçunun meydanda olması önəmliydi. 4-2-3-1 sistemi ilə oynayırıq. Hamıya oynamaq imkanı olacaq, futbolçular da inkişaf edəcək. Cəzalar və zədələrdən biz sığortalanmamışıq.
- Davit Volkov mövqeyini ikinci yarıda dəyişdi və daha effektiv oldu. Bu, gələcək oyunlara təsir göstərəcək?
- Bəli, 2-ci yarının ortasında düşündüm ki, Volkovun sürətindən istifadə edək, Keyta ortada daha effektli olar. Bu da öz nəticəsini göstərdi. Bu gün olmasaydı da, ağlımda var idi belə sistem. Volkov və Ağabala cinahlarda, Keyta ortada oynasın. Hər bir futbolçu digərini əvəzləməyə hazır olmalıdı. Heyət tam oturduqdan sonra zədə və cəza olarsa, dərhal böyük itki kimi hiss olunar, oyuna təsir edər.
- Heyət genişdi deyə, start heyəti qurmaq problem deyil?
- Həmişə düz gördüyümü etməyə çalışmışam. Sezon uzundu, tez-tez oynayırıq. Rəqiblər bizi analiz edirlər, istədiyimiz hücumları qurmağa imkan vermirlər. Rotasiyalara çox ehtiyacımız var.
